Bakı. Trend:
Ötən həftə açıqlanan məlumatlara görə, bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10% artaraq 1083,8 manat təşkil edib.
Trend xəbər verir ki, bununla yanşı, cari ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq nominal ifadədə 26,3 milyard manat olub.
Keçən həftə məlum olub ki, İpoteka və Kredit Zəmanət Fondunun yaradılmasından indiyədək verilmiş 54 350 ipoteka kreditinin ümumi həcmi 3,501 milyard manat təşkil edib.
Bunlarla yanaşı, bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6,923 milyon manata yaxın vergi daxil olub. Eyni dövrdə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% artaraq 51,6 milyon manat təşkil edib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manatdan çox vergi daxil olub. Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,5 milyon manata yaxın olub.
Cari ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub.
2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5,069 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az investisiya yönəldilib.
Eyni dövrdə informasiya və rabitə müəssisələri tərəfindən 1,122 milyard manatlıq xidmət göstərilib. Hesabat dövründə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2,922 milyon manat ƏDV geri qaytarılıb.
Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 108.017 müraciət üzrə 161.897 Asan İmza sertifikatı verilib. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında 1.205 müraciət üzrə 2.111 Asan İmza sertifikatı verilib.
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Avrasiya” və “Azərbaycan Sənaye Bankı” ASC-lərə icrası məcburi sərəncam verib.