Əlcəzair. Trend:
İslam İnkişaf Bankı Qrupu (IsDB) Mərkəzi Asiyada islam maliyyəsinin inkişafını dəstəkləmək öhdəliyinə sadiqdir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu haqda IsDB sədri Mühəmməd Əl-Cəssirin Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) birgə hesabatında dərc olunmuş bəyanatında deyilir.
Sənəd İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumu çərçivəsində təqdim olunub.
“İslam maliyyələşdirilməsi iqtisadi və sosial problemlərin həllində mühüm alətə çevrilib, davamlı inkişafa və inklüziv maliyyə sistemlərinə töhfə verir. Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan – maliyyə sistemlərini və iqtisadi inkişaflarını formalaşdırmaq baxımından mühüm mərhələdədirlər”, – deyə o bildirib.
Əl-Cəssir vurğulayıb ki, bu region zəngin mədəni ənənələri və alternativ maliyyə alətlərinə artan tələbatı sayəsində islam maliyyəsinin inkişafı üçün böyük potensiala malikdir.
“Bu artım maliyyə sistemlərinin genişlənməsinə və daha geniş sosial-iqtisadi məqsədlərə çatmağa xidmət edə bilər. İslam İnkişaf Bankı Qrupu islam maliyyələşməsinin həm Mərkəzi Asiyada, həm də onun hüdudlarından kənarda inkişafına dəstək olmaq niyyətindədir. Avrasiya İnkişaf Bankı ilə əməkdaşlığımız inkişaf institutlarının inklüziv və davamlı maliyyə sistemlərinin qurulması istiqamətində necə bir araya gələ biləcəyini göstərir”, – deyə IsDB-nin sədri qeyd edib.
O, islam maliyyələşməsinin regionda ümumi rifahın möhkəmlənməsinə və davamlı inkişafa gələcəkdə də əhəmiyyətli təsir göstərəcəyinə əminliyini ifadə edib.