...

İqtisadi şaxələndirməni daha geniş kontekstdə nəzərdən keçirmək lazımdır - İslam İnkişaf Bankının baş iqtisadçısı

İqtisadiyyat Materials 22 May 2025 13:13 (UTC +04:00)
İqtisadi şaxələndirməni daha geniş kontekstdə nəzərdən keçirmək lazımdır - İslam İnkişaf Bankının baş iqtisadçısı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İqtisadi şaxələndirməni sadəcə sənayenin inkişafı kimi yox daha geniş kontekstdə nəzərdən keçirmək lazımdır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun (IsDB) baş iqtisadçısı Arif Süleyman İslam İnkişaf Bankının (IsDB) İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən “Baxışdan fəaliyyətə: struktur keçidinin hərəkətverici qüvvəsi kimi iqtisadi şaxələndirmə” mövzusunda panel müzakirəsində bildirib.

“Anlamaq vacibdir ki, şaxələndirmə təkcə sənaye müxtəlifliyindən ibarət deyil. İslam inkişafı baxımından biz buna ölkənin sənayeləşməsi, istehsalın inkişafı, məhdud sayda ixrac bazarlarından asılılığın azaldılması və ticarət problemlərinin həlli kimi baxırıq. Bu, daha geniş və kompleks anlayışdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, son iyirmi il ərzində sənaye sahəsində ciddi irəliləyiş müşahidə olunmayıb. Bəzi irəliləyişlər Afrikada qeydə alınsa da, bu, çox aşağı bazadan başlanılıb. Eyni zamanda Yaxın Şərqdə müsbət dinamika müşahidə olunmaqdadır.

“Biz Yaxın Şərqdə həyata keçirilən transformasiya təşəbbüslərinin bəhrəsini artıq görməkdəyik. Parlaq nümunələrdən biri Səudiyyə Ərəbistanıdır. Bu ölkə iqtisadi keçid və şaxələndirmə sahəsində cəsarətli strategiya həyata keçirməkdədir”,- iqtisadçı vurğulayıb.

O əlavə edib ki, qeyri-sabit qlobal şəraitdə iqtisadi şaxələndirmə iqtisadiyyatların dayanıqlılığını artırmaq üçün zəruri alətə çevrilir.

“Biz ardı-arası kəsilməyən böhranlar dövründə yaşayırıq. Bu gün enerji böhranı, sabah isə iqlim böhranı gündəmdədir. Belə reallıqda dayanıqlı iqtisadiyyatlar qurmaq zəruridir. İqtisadi şaxələndirmə isə zərbələrə və çağırışlara qarşı mübarizə aparmağa, ölkələrin daha çevik və dayanıqlı olmasına imkan yaradır”, – deyə Süleyman bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti