Əlcəzair. Trend:
İslam İnkişaf Bankı (IsDB) dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində Azərbaycana dəstək göstərməyə davam edəcək.
Bunu Trend-in sualına cavab olaraq IsDB Qrupunun baş iqtisadçısı Arif Süleyman bankın Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində deyib.
O vurğulayıb ki, Bank öz fəaliyyətini dayanıqlı inkişaf gündəminin gerçəkləşdirilməsində üzv ölkələrlə əməkdaşlıqda həmin ölkələrin liderliyinə əsaslanaraq qurur.
"Ölkə öz inkişaf gündəmini özü müəyyənləşdirir, biz isə ona dəstək göstəririk. Keçən il biz Azərbaycanla əməkdaşlıq üzrə çərçivə sazişi imzaladıq", – deyə o bildirdi.
Süleyman qeyd edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində ümumi dəyəri təxminən 1,3 milyard dollar olan 77 layihə həyata keçirilib.
"Bu investisiyaların əsas hissəsi enerji sektoruna yönəldilib, lakin biz kənd təsərrüfatı və maliyyə sahələri, eləcə də digər əlaqəli sahələrdə də layihələri maliyyələşdirmişik", - deyə o vurğulayıb.
"Biz Azərbaycanı, eləcə də bankımızın digər üzv ölkələrini dəstəkləməyə davam edəcəyik",- İslam İnkişaf Bankının nümayəndəsi sonda bildirib.