Laçın.Trend:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri sayəsində bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır.
Trend-in yerli müxbiri xəbər verir ki, yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.
Yaşıl Enerji Elektrik Stansiyası MMC-nin direktoru Ramiz Vəliyev müsahibəsində bildirib ki, yeni istifadəyə verilən “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəy” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.