Bakı. Trend:
Gələn il İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin 88,8-i sığorta haqlarından formalaşacaq.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il büdcə layihəsinə verdiyi rəydə bildirilib.
Bildirilib ki, 2024-cü il üçün icmal büdcənin tərkib hissəsi olaraq Fondun növbəti və sonrakı 3 il üçün proqnozlarında daxilolmalar 2026-cı ilə 293,8 milyon manat göstərilmişdirsə, analoji göstərici 2025-ci il üçün proqnozlaşdırma prosesində 279,7 milyon manat və cari ildə isə 266,4 milyon manat proqnozlaşdırılıb. Təhlil göstərir ki, cari ildə və əvvəlki ildə 2026-cı il üçün tərtib edilmiş proqnoz göstəricilərindən görünən 13,3 milyon manat məbləğində fərq əvvəlki illərin gəlirlərin formalaşmış qalıqlarda müşahidə olunan meyllə izah olunur. Belə ki, bu mənbə üzrə müvafiq olaraq 49,42 milyon manat və 28,1 milyon manat vəsait nəzərdə tutulub.
"Layihəyə əsasən, 2026-cı ildə Fondun daxilolmaları üç əsas mənbə hesabına formalaşacaq: işsizlikdən sığorta haqları, sair gəlirlər və əvvəlki illərdə qalıq vəsaitlərdən xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait.
Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də xərclərinin maliyyələşməsinin əsas mənbəyini işsizlikdən sığorta haqları üzrə daxilolmalar təşkil edəcək və bu göstəricinin xüsusi çəkisi 88,8% həcmində proqnozlaşdırılır. Bu isə Fondun büdcə gəlirlərinin böyük ölçüdə məhz əmək bazarındakı məşğulluq səviyyəsindən və sığorta haqları üzrə yığımlardan asılı olduğunu göstərir. Digər gəlirlər və əvvəlki illərdən istifadə edilən ehtiyatlar isə ümumi daxilolmaların kiçik hissəsini təşkil edərək əlavə dəstək mənbəyi rolunu oynayır", - məlumatda vurğulanıb.
