Dünya Bankı “Xəzər dənizinin ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı iri ekoloji təşəbbüsün maliyyələşdirilməsinin təsdiqlənməsi üçün yeni tarix elan edib.
Bu barədə Trend Banka istinadən məlumat verir.
Azərbaycan və iki Mərkəzi Asiya ölkəsinin iştirak etdiyi layihə Xəzər dənizində çirklənməyə qarşı mübarizə və bioloji müxtəlifliyin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinə yönəlib. Dünya Bankının maliyyələşdirmə paketini 2026-cı il fevralın 26-da təsdiqləyəcəyi gözlənilir. Halbuki qərarın 2025-ci il oktyabrın 31-də qəbul ediləcəyi gözlənilirdi.
Qeyd edək ki, Qlobal Ekoloji Fond (GEF) icraçı agentliklər qismində çıxış edən Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) 11 743 120 ABŞ dolları məbləğində qrant ayıracaq. Bu maliyyələşmə Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın ərazisində layihənin həyata keçirilməsinə yönəlib. Dünya Bankı Direktorlar Şurasına 8 243 120 ABŞ dolları dəyərində layihə təqdim edəcək və layihənin icraçı agentliyi BMT-nin Layihə Xidmətləri İdarəsi (UNOPS) olacaq. Həmçinin UNOPS GEF-in 183 489 ABŞ dolları məbləğində hazırlıq qrantını (PPG) alacaq. Bu vəsait ekoloji və sosial standartların (ESF) müvafiq alətlərinin hazırlanması və üç iştirakçı ölkə ilə əməkdaşlıq məqsədilə istifadə olunacaq.
Layihənin məqsədi ölkələrə çirklənmənin idarə edilməsində və bioloji müxtəlifliyin qorunması tədbirlərinin gücləndirilməsində yardım etməkdir. Bu məqsədə Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması hesabına nail olunacaq. Təşəbbüs, həmçinin, Tehran Konvensiyasının və onun müvafiq protokollarının icrası istiqamətində dövlətlərin mövcud səylərini tamamlayır.
Layihə üç komponentdən ibarətdir:
Çirklənmənin idarə olunmasının gücləndirilməsi - 3 900 000 ABŞ dolları
Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi - 3 900 000 ABŞ dolları
Layihənin idarə edilməsi - 443 120 ABŞ dolları.
