Bakı.Trend:
Naxçıvanda bir araya gələn Azərbaycan və Türkiyə iş adamları
sərhədyanı ticarət, investisiya qoyuluşu və biznes sahəsində
əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Naxçıvan şəhərində rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə
2-ci Azərbaycan - Türkiyə Regional İqtisadi Forumu keçirilib.
Tədbirin açılış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin
Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib,
abidənin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad
olunub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının (ASK), Türkiyə Palatalar və
Birjalar Birliyinin, Qars Ticarət və Sənaye Palatasının, “Cahan
Holding” və “Marsol Group”un dəstəyi ilə keçirilən foruma
Azərbaycan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri, Qars,
İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiliklərinin, bələdiyyə
və ticarət palatalarının təmsilçiləri, eləcə də 200-dən çox iş
adamı qatılıb.
Forumun məqsədi Azərbaycan və Türkiyə, xüsusilə də hər iki ölkənin
regionları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, bu
sahədə mövcud potensialın və biznes əməkdaşlığı üçün imkanların
diqqətə çatdırılması, eləcə də Naxçıvan Muxtar Respublikasının
biznes və investisiya imkanları barədə Türk iş adamlarının
məlumatlandırılması, Türkiyənin sərhədyanı bölgələri ilə ikitərəfli
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsidir.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi,
Ulu Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də
şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin
Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində
Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan
Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev,
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın
vitse-prezidenti, Azərbaycan-Türkiyə Ticarət və Sənaye Palatasının
həmsədri Vüqar Abbasov çıxışlarında ölkələrimiz arasında
siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafı, iki
ölkənin iş adamları arasında əməkdaşlıq, biznes və investisiya
qoyuluşu üçün imkanlar barədə fikirlərini bölüşüblər. Qeyd olunub
ki, logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların
dəstəklənməsi istiqamətində atılan qarşılıqlı addımlar bölgədə
iqtisadi dinamikanın güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının
açılmasına töhfə verir, xüsusilə Naxçıvanın regional əməkdaşlıq
baxımından yaratdığı imkanlar biznes dairələri üçün böyük
perspektivlər açır. Çıxışçılar həmçinin ticarət, xüsusilə
sərhədyanı ticarət, sənaye, turizm, nəqliyyat-logistika, kənd
təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın
olduğunu, biznesin bu imkanlardan səmərəli istifadəsinin
ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə
verəcəyini vurğulayıblar.
Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan, Ardahan valisi
Hayrettin Çiçek, Türkiyə Palatalar və Birjalar Birliyinin İdarə
Heyətinin üzvü və Ərzurum Ticarət və Sənaye Palatasının sədri Saim
Özakalın, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan və
Qarsın Bələdiyyə sədri Ötüken Senger bölgədə iqtisadi əməkdaşlığın
önəmini və sərhədyanı biznes imkanlarını vurğulayıb, təmsil
etdikləri vilayətlərin Azərbaycan, xüsusilə də Naxçıvan ilə
əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu və ortaq layihələrin
regionun davamlı iqtisadi inkişafına töhfə verəcəyini qeyd
ediblər.
Forum çərçivəsində Naxçıvanın investisiya, ticarət və logistika
imkanları barədə təqdimat nümayiş etdirilib, iki ölkənin iş
adamları arasında “B2B” görüşlər keçirilib. Həmçinin, Türk iş
adamları səfər çərçivəsində Naxçıvanda fəaliyyət göstərən bir sıra
müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu
platforması iki ölkənin iş adamları arasında sərhədyanı ticarətin,
investisiya qoyuluşu və biznes əməkdaşlığının təşviqi və daha da
inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk forum 2025-ci ilin
iyun ayında Türkiyənin Qars şəhərində keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvanda
səfərdə olan Azərbaycan və Türkiyə heyətləri, o cümlədən Qars,
İğdır, Ardahan, Ərzurum kimi bölgələrin valiləri, bələdiyyə və
ticarət palatalarının təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan
və Türkiyənin regionları arasında əməkdaşlıq, sərhədyanı ticarətin
inkişafı məsələləri müzakirə edilib.