Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə uzunmüddətli emitentin defoltu reytinqini- sabit proqnozlu "BBB-" səviyyəsini təyib.
Trend bu barədə “Fitch”ə istinadən xəbər verir.
“Fitch”in dövlət şirkətləri üçün müəyyən etdiyi meyarlara əsasən, QSC-nin reytinqi onun yekun səhmdarı olan Azərbaycanın reytinqi (BBB- / Stable) ilə eyniləşdirilir. Bu, Cənub Qaz Dəhlizi QSC-nin bütün borc öhdəliklərinin dövlət zəmanətləri ilə təmin olunması və agentliyin gözləntilərinə görə, bu təcrübənin proqnoz dövrü ərzində davam edəcəyini əks etdirir.
Şirkətin fərdi kredit profili ‘bbb-’ səviyyəsində olmaqla, yüksək pul axını generasiyası, qazın uzunmüddətli müqavilə əsasında nəqli üzrə biznes modelinin yüksək proqnozlaşdırıla bilməsi, böyük fəaliyyət miqyası və çox güclü maliyyə göstəriciləri ilə dəstəklənir. Məhdudlaşdırıcı amillər kimi upstream seqmentində qiymət volatilliyi, “Şahdəniz” qaz-kondensat yatağının təbii tükənməsi, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyədə kontragent riskləri və əməliyyat mühitinin xüsusiyyətləri qeyd olunur.
“2025-ci ilin avqust ayının sonuna olan vəziyyətə görə, QSC-nin bütün borcları dövlət tərəfindən zəmanətlə təmin edilirdi və bunun davam edəcəyini gözləyirik”, – deyə “Fitch”də bildirilib.
Agentlik vurğulayır ki, QSC geniş fəaliyyət miqyasına, coğrafi şaxələndirməyə və şaquli inteqrasiyaya malikdir. Xüsusilə, şirkət aşağıdakı sahələrdə iştirak edir:
Upstream – “Şahdəniz” qaz-kondensat yatağında 16,02% pay,
Midstream – qazın Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Cənubi Avropaya nəqli; o cümlədən TANAP-da 51%, Cənubi Qafqaz Boru Kəmərində (SCP) 21,02%, Transadriatik Boru Kəmərində (TAP) 20% pay,
Downstream – qazın son istehlakçılara satışı.
