Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumet verir.
Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib.
Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.
Görüşdə bərpa olunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanla Oman arasında ticarət dövriyyəsinin həcmi 1,386 milyon dollar təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.
