Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı və Asiya ilə olan ticarətimizin çox qısa zamanda ümumilikdə 100 milyard dolları ötə biləcəyi mümkündür. Bu iqtisadi arxitektura üzərində Azərbaycan isə özünəməxsus bir yol və mövqeyə malikdir.
Trend xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
"Çinə uzanan Xəzərdən keçən Orta Dəhlizdəki əsas nəqliyyat marşrutlarında yaşanan çətinlikləri və konjonktural struktural qeyri-müəyyənlikləri yalnız yaxındakı coğrafiyadan təhlükəsiz tranzitlə həll edə biləcəyimizi bilirik.
Qeyd etmək lazımdır ki, Orta Dəhliz, sadəcə siyasi seçim deyil, həm də şimal dəhlizi ilə müqayisədə 2000 km daha səmərəlidir. Eyni zamanda, Çin ilə Avropa arasında daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldır. Bu baxımdan həm siyasi, həm də iqtisadi effektivlik və məhsuldarlıq baxımından kritik əhəmiyyətə malikdir", - nazir müavini bildirib.
Mustafa Tuzcu eyni zamanda Bakı–Tibilisi–Qars dəmir yolu kimi xətlərin səmərəliliyinin artırılmasının da vacibliyini vurğulayıb: "Yalnız Orta Dəhliz deyil, dəmir yolu xətlərinin də inkişafı yük paylanmasının artırılması üçün önəmlidir. Bu xətt Xəzərdən Bakıya, oradan isə Türkiyə vasitəsilə Avropaya keçidi mümkün edəcək".
"Bundan əlavə, Zəngəzur dəhlizi də Orta Dəhliz xəttinin effektivliyini yalnız mövcud bağlantılarla deyil, daha güclü və tamamlayıcı xüsusiyyətlərlə artırır. Orta Dəhlizin təbii və tamamlayıcı bir uzantısı olan Zəngəzur dəhlizi bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycan və Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında strateji əhəmiyyət kəsb edir", - nazir müavini əlavə edib.
