...

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 10%-ə yaxın artıb

İqtisadiyyat Materials 30 Yanvar 2026 10:22 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 10%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 881,3 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 77,3 milyon ABŞ dolları və ya 9,6% çoxdur.

Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,78%-i həcmində olub. Bununla da Gürcüstan hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 10-cı pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Gürcüstana 712,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 37,5 milyon ABŞ dolları və ya 5,5% çoxdur.

Dövr ərzində Gürcüstana ixrac əməliyyatlarının 1,586 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 3,838 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə Azərbaycandan Gürcüstana sözügedən məhsulların ixracı qeydə alınmayıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan Gürcüstana 347,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 75,2 milyon ABŞ dolları və ya 27,6% çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında Gürcüstanın payı 9,59% təşkil edib. Bununla da Grücüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 168,7 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 39,8 milyon ABŞ dolları və ya 30,9% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti