Bakı. Trend:
Gələcək mərhələlər üzrə QR ödənişlərinin yalnız daxili bazarla məhdudlaşmaması, digər ölkələrin Ani Ödənişlərin Sistemləri ilə potensial qarşılıqlı əlaqələndirmə modelləri vasitəsilə sərhədlərarası QR ödənişlərinin mümkünlüyünün araşdırılması nəzərdən keçirilir və bu istiqamətdə beynəlxalq təcrübələr öyrənilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, ölkədə QR ödənişlərinin tətbiqi və istifadəsi mərhələli şəkildə genişlənməkdədir və bu proses Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilir: "Hazırkı mərhələdə AZQR standartı üzrə banklar tərəfindən texniki inteqrasiyalar aparılmış, müvafiq funksionallıqlar POS terminallarda, mobil bankçılıq tətbiqlərində mərhələli şəkildə istifadəyə verilərək ekosistemin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu yanaşma QR əsaslı ödənişlərin vahid standart üzrə həyata keçirilməsini təmin etməyə, nəticə etibarilə QR ödənişlərində istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edir. Vahid standart sayəsində istifadəçilər istənilən mobil bankçılıq tətbiqi vasitəsilə istənilən AZQR kodunu skan edərək ödəniş edə bilirlər. Eyni zamanda, bu yanaşma bazarda vahid texniki çərçivə formalaşdırmaqla, təsərrüfat subyektləri üçün xərclərinin optimallaşmasına da müsbət təsir göstərir".
Vurğulanıb ki, bu istiqamətdə mövcud irəliləyiş müsbət qiymətləndirilir və əsas fokus AZQR ödənişlərinin gündəlik pərakəndə ödənişlərdə istifadəsinin artırılması, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirakçı bankların funksional uyğunluğunun təmin olunmasıdır.
Əlavə edilib ki, bu məqsədlə həm texniki, həm də istifadəçi təcrübələri səviyyəsində təhlil işləri aparılır.
Qeyd edək ki, ötən ilin dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil edib.
