Bakı.Trend:
2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir.
Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilir ki, yanvar ayında Rusiyadan 2% artım ilə 42 342 nəfər, Türkiyədən 15.5% artım ilə 36 536 nəfər və İrandan 2.1% artım ilə 15 399 nəfər səfər sayı qeydə alınıb.
Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9% artım deməkdir.
İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8734), Pakistan (6758), Qazaxıstan (5676), Özbəkistan (5130) və İsrail (4972) olub.
Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22% artaraq 26 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44% artaraq 6 819 nəfərə çatıb.
Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 676 nəfər təşkil edib ki, bu da 2.5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 130 nəfərə çataraq 72.3% artım nümayiş etdirib.
Qeyd edək ki, 2026-cı ildən etibarən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi planlaşdırılır.
Bildirilib ki, “2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”na müvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi, sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edəcək:
"Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir".
