Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə və Şəki şəhərlərində su təchizatının yaxşılaşdırılması üzrə layihələr həyata keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyətləri” mövzusunda dəyirmi masa zamanı bildirib.
Onun sözlərinə görə, Gəncə şəhərində həyata keçirilən layihə üzrə ümumi investisiya həcmi 410 milyon avro təşkil edir.
“Layihə çərçivəsində su təchizatı sistemləri, suyun toplanması və təmizlənməsi qurğuları, eləcə də yağış sularının idarə olunması üçün infrastruktur yaradılacaq. Gəncə layihəsi üzrə artıq 35 milyon avro məbləğində maliyyə sənədləri imzalanıb, bu il ərzində əlavə 120 milyon avronun rəsmiləşdirilməsi gözlənilir”, - o bildirib.
Onun sözlərinə görə, AYİB həmçinin Şəki şəhərində və ətraf kəndlərdə su infrastrukturunun yaxşılaşdırılması layihəsini həyata keçirməyi planlaşdırır. Hacıyev qeyd edib ki, ümumi investisiya məbləği təxminən 95 milyon avro təşkil edir və bunun 57 milyon avrosunun cari ildə rəsmiləşdirilməsi planlaşdırılır.
Bank nümayəndəsi vurğulayıb ki, fiziki investisiyalar su itkilərinin azaldılmasını, tullantı sularının təmizlənməsi və təkrar istifadəsini, eləcə də mövcud su ehtiyatlarından səmərəli istifadəni təşviq edən effektiv siyasətlə müşayiət olunmalıdır. O qeyd edib ki, özəl sektor da zəruri təcrübə və ekspertizanı təmin etməlidir.
