Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın vaxtlarda Bakı və Abşeron yarımadasının su infrastrukturunun reabilitasiyası layihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya (TİƏ) başlamağı planlaşdırır.
Trend xəbər verir ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
“Bakı və Abşeron yarımadasının su infrastrukturunun reabilitasiyası üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq planlaşdırılır. Bu layihə üzrə texniki-iqtisadi əsaslandırmaya yaxın vaxtlarda başlanması nəzərdə tutulur”, – deyə o bildirib.
Hacıyev qeyd edib ki, Böyük Britaniya hökuməti bu layihə üzrə TİƏ-nin aparılmasını dəstəkləyir.
Bank nümayəndəsinin sözlərinə görə, Azərbaycan, xüsusilə iki böyük şəhərin yerləşdiyi Abşeron yarımadasında artan su qıtlığı problemləri ilə üzləşir.
“Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsi olmasına baxmayaraq, regionun su ehtiyatlarının cəmi 15 faizi onun payına düşür. Həmçinin məlumdur ki, ölkənin su ehtiyatlarının 70 faizi transsərhəd mənbələrdən daxil olur və bu mənbələrin 68 faizini yerüstü sular təşkil edir”, – deyə Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, su ehtiyatlarının iqlim dəyişikliyinin mövsümi və uzunmüddətli təsirlərinə qarşı getdikcə daha həssas olduğunu göstərir.
“Bu problemlərin həlli üçün bütün infrastruktur layihələrinin komponentlərinin kompleks və dayanıqlı şəkildə həyata keçirildiyi sistemli yanaşmanın tətbiqi vacibdir”, – deyə AYİB nümayəndəsi vurğulayıb.
