...

Azərbaycanın Tarif Şurasına daxili aviareyslərin qiymətinin dəyişdirilməsi ilə bağlı təklif daxil olub(video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2007 15:40 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend İ.Xalilova / "AZAL" Dövlət Konserni daxili Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Lənkəran, Bakı-Naxçıvan, Gəncə-Naxçıvan reyslərinin qiymətinin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib. Bu barədə iqtisadi inkişaf naziri, Tarif Şurasının sədri Heydər Babayev məlumat verib. Bu təklif artıq tanış olmaq üçün Şura üzvlərinə göndərilib. Növbəti həftənin sonunda Tarif Şurasında bu təklifin ilk müzakirəsi olacaq. "Tarif Şurasının qərarı AZAL-ın hansı qiymətləri təklif etməsindən deyil, araşdırmalardan asılı olacaq. Belə ki, daxili qiymətlər ölkə əhalisinə aiddir" - deyə nazir bildirib. Onun sözlərinə görə, artıq ilkin araşdırma və qiymətləndirmə aparılıb. Babayev bildirib ki, qərar qəbul olunarkən, Şura konkret istiqamətlərdə alternativ marşrutları, aviareyslə yanaşı dəmiryolu və avtomobil nəqliyyatından istifadə olunması imkanını da nəzərə alacaq.

Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olduğu üçün, əlaqə yalnız hava məkanı vasitəsilə həyata keçirilir. Bununla belə, hesablamalar zamanı İrandan keçməklə NMR-ə açılan avtomobil yolu nəzərə alınmayacaq, belə ki, bu yol çox uzundur. Babayev bildirib ki, beynəlxalq müqavilələrə əsasən, Tarif Şurası AZAL və digər aviaşirkətlərin səfərlərinin qiymətlərinə müdaxilə etmir. Noyabrın 1-dən Azərbaycandan bütün beynəlxalq reyslər üçün qiymətlər ən azı 10 faiz artıb. Qiymətlərin artımı Azərbaycanın digər MDB ölkələri ilə birgə Avropa beynəlxalq avianəqliyyat zonası təşkilatına qoşulması ilə əlaqələndirilir.

Bu təşkilatın tələblərinə əsasən, biletlərin qiyməti avro ilə göstərilməlidir. Bunu nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq səfərlər həyata keçirən şirkətlər biletlərin qiymətini dollardan avroya çevirməlidirlər. Mövcud tariflərin dollardan avroya çevirilməsi 1:1 formulu ilə həyata keçirilir.

Nazir Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin təhlükəli yüklərin daşınması ilə bağlı yeni tariflərin tətbiq edilməsi və Azərbaycana idxal olan malların təhlükəsizlik və keyfiyyətinin yoxlanılması barədə təklifləri haqqında da danışıb. Bu məsələlərə gələn həftə Tarif Şurasının iclasında baxıla bilər.

Xəbər lenti

Xəbər lenti