...

Azərbaycan və Avropa Komissiyası ENP-nin 2008-ci il üçün indikativ Proqramının istiqamətini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Avropa İttifaqının texniki yardım Proqramının koordinasiya bürosunun icraçı direktoru Rüfət Məmmədovun çərşənbə günü veridiyi məlumata görə, Azərbaycan hökuməti Avropa Komissiyası ilə Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində, 2008-ci il üçün indikativ Proqramın istiqamətlərinin müzakirəsinə başlayıb.

Hazırda iki istiqamət nəzərdən keçirilir, ədliyyə və aqrar sektor, bu sahələrdən biri Proqrama daxil ediləcək, ikincisi isə, 2009-cu il üçün fəaliyyət proqramı çərçivəsində maliyyələşdiriləcək. "Avropa Komissiyasının büdcə siyasətinə əsasən, hər proqramda bir sektor əhatə olunmalıdır" - deyə koordinasiya bürosunun direktoru bildirib.

Bu istiqamətdə həbs cəzası sisteminin, regional məhkəmələrin, Ədliyyə Nazirliyi nəzdində Ədliyyə Akademiyasının dəstəklənməsi, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulur. İkinci sahə hələ müəyyən olunmayıb, lakin Məmmədov qeyd edib ki, əsas diqqət Azərbaycanın ÜTT-yə daxil olması baxımından, kənd təsərrüfatında islahatların keçirilməsinə yönələcək.

Fəaliyyət proqramının hazırlanması məqsədilə Avropa Komissiyasının ekspertlərinin 2008-ci il yanvarın əvvəlində Bakıya səfər edəcəyi planlaşdırılır.

ENP-nin Azərbaycan üzrə 2007-2010-cu illər üçün nəzərdə tutulmuş büdcəsi 92 mln. avro dəyərində nəzərdə tutulub.

ENP-nin fəaliyyət planında Azərbaycan üçün prioritet istiqamətlər 2006-cı ildə Brüsseldə təsdiq olunub, buraya ölkədə demokratiyanın inkişafı, işgüzar və investisiya mühitinin yaxşılaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, Aİ və Azərbaycan arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, sərhəd idarəetməsi sahəsində əməkdaşlığın qurulması və s.daxildir. Tədbirlər üç əsas priortet sahəyə bölünüb, idarəetmə sisteminin təkmilləşdirilməsi; iqtisadi və sosial islahatlar; energetika, nəqliyyat, ekologiya və infrastruktur.

Xəbər lenti

Xəbər lenti