Azərbaycan, Bakı, 11 yanvar/ " , müxbir İ.Xəlilova/ İsveçrə İnkişaf etməkdə olan Bazarların İnvestisiya Fondu (İİFİB), İsveçrə Konfederasiyasının Hökuməti adından Azərbaycan Mikromaliyyələşdirmə Bankına, ölkənin kənd təsərrüfatı, mikro- və kiçik biznes sahələrinin maliyyələşdirilməsi üçün 6 il müddətinə 6 milyon ABŞ dolları məbləğində kredit verib. Bu barədə cümə günü bankdan məlumat verilib. Bu gün AMMB, SİFEM tərəfindən ayrılan kreditin 4 milyon dollar həcmində ilk məbləğini alıb. Bu vəsait bank tərəfindən kənd təsərrüfatı, mikro və kiçik biznes sahələrinin kreditləşdirilməsinə sərf olunacaq. Bununla yananşı həmin vəsaitlərin ən azı 50%-i yeni aqrokreditləşdirmə bank məhsullarına yönəldiləcək. Bu müqavilə AMMB və İsveçrə İnvestisiya Fondu arasında ilk müqavilədir. AMMB Azərbaycanda mikro və kiçik müəssisələrin inkişafı üçün 90 milyon ABŞ dolları məbləğində vəsait cəlb edib.
Fondun Azərbaycan Mikromaliyyələşdirmə bankına kredit verməkdə əsas məqsədi, mikro və kiçik müəssisələrə yardım göstərən, eləcə də neft və qaz sektorlarından kənarda iqtisadiyyatın diversifikasiyasına kömək edən yerli uğurlu banklardan birinin daha da genişlənməsinə şərait yaratmaqdan ibarətdir
"Bu kredit beynəlxalq təşkilatların AMMB-yə etimad göstərdiyini bir daha sübut edir və maliyyə xidmətlərindən istifadə etmək imkanları məhdud olan Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına köməklik göstərmək üçün bizim yeni aqrokreditləşdirmə məhsullarına olan tələbatın İsveçrə Fondu tərəfindən tanındığını bildirir"- AMMB-nın Baş Meneceri, Endryu Pospilovski demişdir:
İlk beş il ərzində AMMB bütünlüklə Azərbaycanda 35,000-dən artıq mikro və kiçik müəssisələrin maliyyələşdirilməsi üçün 240 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Hal-hazırda AMMB ilə 30,000-dən artıq müəssisə əməkdaşlıq edir və hər ay AMMB 3,000 müəssisəyə 13 milyon ABŞ dollarından artıq məbləğdə yeni kreditlər verir. Həmin müəssisələrin yarıdan çoxu yeni biznes müştəriləridir və AMMB-dan aldıqları maliyyə vəsaiti onların əksəriyyətinin biznesdə əldə etdikləri ilk vəsaitdir.
SİFEM müxtəlif maliyyə sənədləri vasitəsi ilə iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə özəl sektora aid kiçik və orta müəssisələrin uzunmüddətli maliyyələşdirilməsi üzrə ixtisaslaşmış investisiya məsləhətçisidir. SİFEM İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyinin, eləcə də digər özəl və dövlət müəssisələrinin investisiya portfelini idarə etmək səlahiyyətinə malikdir.
AMMB 6 beynəlxalq maliyyə institutuna - Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Maliyyə Korporasiyasına, Qara Dəniz Ticarət və İnkişaf Bankına, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankına, LFS Financial Systems GmbH - alman konsaltinq şirkətinə, eləcə də mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çalışan AccessHolding şirkətinə məxsusdur