Azərbaycan, Naxçıvan, 26 yanvar müxbir E.Məmmədov/ Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi dəyəri 4 mln. 883 min manat olan 197 kilometr yeni avtomobil yolu çəkilib. Bu barədə Muxtar Respublikanın Nəqliyyat Nazirliyinin kollegiyasında məlumat veriblər.
Həmçinin, ötən il 144 poqonometr uzunluğunda 6 yeni körpü tikilib.
2007-ci ildə Naxçıvanda 89 min 485 ton asfalt-beton istehsal olunub.
2007-ci il ərzində muxtar respublikada nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 8041,3 min ton yük, 47 mln. 380,8 min nəfər sərnişin daşınıb.
Yük və sərnişin daşınmasından bütövlükdə 25 mln. 425,2 min manat gəlir əldə edilib ki, bu da 2006-cı illə müqayisədə 2,8 dəfə çoxdur.
Yük daşımalarının hamısı, sərnişin daşımalarının isə, 99,9 faizi avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin nəqliyyat vasitələri tərəfindən yerinə yetirilib.