Azərbaycan, Bakı, 14 fevral / Trend / Yaxın illərdə Azərbaycanın ÜTT-yə daxil olması gözlənilir. Daxil olmanın şərtlərindən biri xarici kapital üçün maliyyə və bank xidmətləri bazarının açılması olmalıdır. Artıq bu gün ölkənin bank sektoru xarici kapital üçün əhəmiyyətli dərəcədə açıqdır. Stabil makroiqtisadi vəziyyət, yüksək gəlirlər, artan investisiya cəlbi potensial investorların Azərbaycanın bank sektoruna etibarlı münasibətini formalaşdırır. Bu səbəbdən xarici kapitalın Azərbaycana axını üzrə olduqca çox müraciətlər daxil olur.
Əgər xarici bank və xarici kapital iştirakı ilə bankları qiymətləndirsək, görərik ki, bu gün onlar bazarın üçdə birini tuturlar (Ayrıca göstərici üzrə 30% -ə qədər və ümumilikdə bank bazarının təxminən 25%-ni). Nəzərə almaq lazımdır ki, bu göstərici son üç il ərzində artıb. Bu dövr ərzində AYİB, Almaniyanın KFW İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası "Azerdemiryolbank", "UniBank" , "Azəriqazbank" və "Bank of Baku" kimi iri kommersiya banklarında səhmlərin bir hissəsini alıb.
Azərbaycan bazarında xarici banklar üçün hər hansı bir spesifik məhdudiyyət yoxdur. Bazara daxil olma şərtləri həm Azərbaycan, həm də xarici banklar üçün eynidir. Yeganə istisna olaraq Azərbaycanda xarici bank filiallarının açılmasına qoyulan qadağanı göstərmək olar.
ÜTT-yə daxil olma gələcəkdə Azərbaycan bank sisteminin ehtiyat bazasının kapitallaşması və genişlənməsinin yüksəlməsi, ölkə iqtisadiyyatında investisiya həcmlərinin artması, bank məhsulları və xidmət spektrinin genişlənməsi, onların dəyərinin ucuzlaşması üçün yol açır.
Həmçinin rəqabət qabiliyyəti yüksələcək, yeni texnologiyalar istifadə olunacaq, idarəetmə təkmilləşəcək, bank biznesində şəffaflıq artacaq.
Daha doğrusu, xarici kapitalın daxil olması pozitiv təsir göstərəcək. Lakin eyni zamanda, xarici banklar daxili bazarda maliyyə xidmətlərinə təzyiqi gücləndirəcək. Azərbaycan bankları rəqabətli mübarizədə xarici kapitala uduzacaq. Qərb maliyyə institutları bank biznesinin daha faydalı seqmentlərini tutaraq tədricən buradan yerli bankları sıxışdırıb çıxaracaq. Bazarda faiz siyasətinə diqtə etmək imkanları əldə edəcək. Bu, milli bank sisteminin sərbəstlyinin və ölkə iqtisadiyyatının inkişafında onun rolunun azalmasına gətirib çıxara bilər. Bundan əlavə, xarici banklar ölkədən milli kapital çıxaran iri kanala da çevrilə bilər.
Hazırkı məsələyə yekun vuraraq onu bildirmək olar ki, Azərbaycanın ÜTT-yə daxil olması və ölkənin maliyyə bazarının xarici kapital üçün açılması ilə yanaşı, milli bank bazarını müdafiə edə biləcək lazımi tədbirlər görmək vacibdir.
Trend Analitik Mərkəzinin eksperti Leyla Abdullayeva
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan Leyla