Azərbaycan, Bakı, 20 may/ Trend , müxbir A.Bədəlova/ Bu həftə Ukraynada keçiriləcək enerji sammiti enerji ehtiyatlarının diversifikasiyasında Avropa üçün vacib rol oynaya bilər. İtaliyanın Bruno Leoni institutunun energetika departamentinin direktoru Karlo Staqnaro (Carlo Stagnaro) belə hesab edir.
Mayın 22-23-də Kiyevdə enerji təhlükəsizliyinə dair sammit keçiriləcək. Sammitdə təqribən 30 ölkənin hökumət və biznes-nümayəndə heyətləri iştirak edəcəklər. Sammitdə Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Rumıniya rəhbərləri, Avropa Komissiyasının energetika məsələləri üzrə Komissarı, BMT, ATƏT, AYİB və Dünya Bankının nümayəndələri iştirak edəcəklər. Müzakirələrin əsas mövzusu "Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması (TİƏ) məsələləri, açıq Qara dəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması məsələsi olacaq. Sammitin əsas məqsədi,faktiki olaraq Rusiyadan müstəqil enerji təchizatı yollarının axtarılmasıdır.
Staqnaronun sözlərinə görə, Avropanın Rusiyadan enerji asılılığının azaldılmasına yönələn layihələrin gələcək inkişafına sammitin təsirini qiymətləndirmək çətindir.
"Bizə [Avropaya] enerji mənbələrinin daha çox diversifikasiyası istiqamətində irəliləməyə yardım edə biləcək layihələr üçün siyasi konsensusun yaradılması vacibdir", - Staqnaro çərşənbə axşamı Trend -a bildirib.
Onun sözlərinə görə, bu yalnız təbii qaz idxalı ilə deyil, həm də Rusiyanın enerji sektoruna sərt siyasi yanaşmasından fərqli olaraq, yüksək açıqlıq dərəcəsinə malik Xəzər regionu ölkələri ilə də bağlıdır.
Lakin Staqnaro hesab edir ki, belə beynəlxalq görüşlər bu növ layihələrin inkişafı üçün kifayət deyil.
"Birinci növbədə, energetika sahəsində ticarət sazişləri də daxil olmaqla, möhkəm və aydın qaydalar toplusu lazımdır. Bu sazişlərin köməyi ilə əcnəbi sərmayələrin mümkünlüyünə yol verilir və siyasi müdaxilə məhdudlaşdırılır. Bütün bunlara nail olmaq mümkün olduğu halda, biz konkret nəticələr görə biləcəyik", - Staqnaro bildirib.