...

"United Credit Bank"ın aktivləri yanvar-aprel ayları ərzində 35 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may/ Trend /Stabil və dayanıqlı inkişaf strategiyasını əsas tutan "Yunayted Kredit Bank"ın aktivlərinin ümumi həcmi cari ilin yanvar-aprel ayları ərzində 35 % artaraq, mayın 1-nə 32,2 mln. manata çatıb. Bu, 2007-ci ilin müvafiq dövr göstəricisini 84,8 % ötür. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

Məlumatda deyilir ki, artım, başlıca olaraq, kredit portfelinin həcminin və əsas vəsaitlərin dəyərinin artması hesabına baş verib.

Mayın 1-nə olan vəziyyətə görə, bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi 21,2 mln. manat olub ki, bu da 2008-ci ilin əvvəlinə olan müvafiq göstəricidən 15,6%, 2007-ci ilin ilk 4 ayı üzrə verilmiş kreditlərin həcmindən isə 67 % çoxdur.

Bankın kredit portfelində istehlak kreditləri daha yüksək artım tempi nümayiş etdirib. Belə ki, müştərilərə verilmiş istehlak kreditlərinin həcmi yalnız aprel ayı ərzində 6% artıb.

Bankın depozit portfeli mayın 1-nə 7,5 mln. manat təşkil edib. Fiziki və hüquqi şəxslərdən cəlb etdiyi müddətli depozitlərin həcmi 5,4 mln. manat olub ki, bu da ilin əvvəlinə olan göstəricidən 18,7 % çoxdur. Bankın fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 21,6%, ötən ilin müvafiq dövrünə nisbətən isə 103,5 % artıb.

Bankın ümumi gəlirləri 2007-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 35,6 % artaraq, 1,31 mln. manat təşkil edib. Göstərilən dövr ərzində bankın faiz gəlirləri 43,4% artıb.

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 13,58 mln. manat, nizamnamə kapitalı isə 12,11 mln. manat təşkil edib.

Bank plastik kartlarla göstərilən xidmətlərin xüsusi çəkisini artırmaq üçün plastik kart emissiyasını, eləcə də fəaliyyət göstərən bankomat və POS-terminalların sayını və coğrafiyasını genişləndirməkdə davam edir.

"Yunayted Kredit Bank" ASC 1996-cı ildən fəaliyyət göstərir. Bank mərkəzi ofisi və 5 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Mütəşəkkil Banklararası Kredit Bazarının fəal iştirakçısıdır. "Yunayted Kredit Bank" ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələrə malikdir. Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan "Rusiya Əmanət Bankı" ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə Rusiya Federasiyasında fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir. Bank Western Union, Express, Migom, Privat Money kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulmuşdur.

Xəbər lenti

Xəbər lenti