Azərbaycan, Bakı, 16 oktyabr/ Trend / 2008 - ci ilin yanvar - avqustunda Azərbaycana 54482 minik avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini 27,6 faiz qabaqlayır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar - avqustda ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri təxminən $ 410 mln. təşkil edib ki, bu da 2007 - ci ilin yanvar - avqustundan 51,2 faiz çoxdur.
Səkkiz ay ərzində Azərbaycana 7159 yük avtomobili idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini 23,1 faiz qabaqlayır. Ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri $167 mln. - dan çox olub ki, bu da ötən ilin yanvar - avqustu ilə müqayisədə 155,9 faiz çoxdur.
Yanvar-avqustda respublikaya ümumi dəyəri $35,4 mln.-dan çox olan 1069 avtobus idxal edilib. Bu göstərici ötən ilin səkkiz ayı üzrə olan göstəricini 256,3 faiz (məbləğdə - 287,5 faiz) qabaqlayır.