...

Qlobal iqtisadi böhran bütün dünya üçün təhlükədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend / Dünya iqtisadiyyatının stabil inkişafının əsasını onun hər bir sektorunun "bütün yaxşılaşmalar əsaslı və izah edilə bilən olmalıdır" prinsipinə əsasən mövcud iqtisadi qanunlar çərçivəsində bərabər dərəcədə inkişafı təşkil edir. Bazar iqtisadiyyatının bir çox prinsipləri onun inkişaf yolunda konkret qanunlarla sərt bağlıdır. Bu qanunlar dünya iqtisadiyyatının inkişaf etməsini yönləndirən prinsiplərin pozulmamasına kifayət qədər ciddi "nəzarət edir". Və bazar iştirakçılarının bu qanunların üstündən ötüb keçmək üçün həyata keçirdiyi bütün qeyri-standart yanaşmalar həmişə müvəffəqiyyətsizliyə uğrayır. Son yüzillikdə kapitalist dünyası bazar iqtisadiyyatının alternativini yaratmaq istəməyib, lakin sistematik olaraq onu dəyişmək, bəzi sərt prinsiplərini yumşaltmaq cəhdləri edib. Bazar iqtisadiyyatı dəqiq elmdir. Burada əsas tarazlıq prinsipidir. Sizin diqqətinizə bazarın tarazlığının pozulmasının konkret amilini təqdim etmək və bu pozuntuların nəticələrini göstərmək istərdim.

Bank sahəsində xüsusi rezervləşdirmə sistemi kimi bir qanun mövcuddur. Bu qanunun müəllifləri güman edirdilər ki, qanun ölü kapitaldan (pul kütləsinin bir hissəsinin tələb olunanadək bankın müştərilərinin hesablarında yatıb qaldığı və müvəqqəti olaraq dövriyyədən çıxdığı zaman. Bank bu pul kütləsindən istifadə etmək hüququna malik olmayaraq, onu 100% rezervləşdirmək məcburiyyətində qalır) xilas olmağa imkan verəcək. Xüsusi rezervləşdirmə sistemi cəmi 10% və ya 20%-i rezervləşdirməyə imkan verir, qalan 80% və ya 90%-i isə bank bu pulların mülkiyyətçilərinin razılığı olmadan öz dövriyyəsinə cəlb edərək, onlarla öz "kredit portfelini" doldura bilər.

İlk baxışdan bu məntiqli görünür, amma görək nəticələr necədir: bank müştərisi öz hesabına 100 min dollar qoyub. Bank, öz müştərisinin razılığını almadan bu məbləğin yalnız 10%-ni rezervləşdirir, qalan 90 mini isə digər müştəriyə kredit kimi verərək, öz "kredit portfelini" artırır. Bu zaman bankın passivi də eyni məbləğdə artır. Fikir verin, bu zaman bankın aktivi real olaraq artmır, amma onun 90 min məbləğində borcu yaranır.

Növbəti əməliyyat birinciyə bənzəyir: 90 min məbləğindən 10%, yəni 9 min rezervləşdirilir, qalan 81 min eyni sxem üzrə başqa müştəriyə verilir və eynilə "kredit portfeli" və deməli, bankın borcu da bu məbləğ həcmində artır. Yeri gəlmişkən, bütün bu əməliyyatlar elektron şəkildə baş verir. Bu pulların fiziki formada mövcud olduğunu ehtimal etmək sadəlövhlük olardı.

Bu halda, bu proses sonsuza qədər davam etdirilərsə, sadə riyazi hesablama yolu ilə bank nəticədə öz "kredit portfelini" düz 900 min!!! dollar məbləğində artıracaq. Həmçinin bankın öz müştərilərinə də elə həmin məbləğdə borcu olacaq. Lakin paradoks ondan ibarətdir ki, bank 100 min real ABŞ dollarını 900 min virtual dollara çevirərək, öz müştərilərini kreditləşdirməklə onları real sektora yönəldir.

Belə çıxır ki, bank dəzgahda çap edilməyən 900 min dolları dövriyyəyə buraxır. Beləliklə də, bazar iqtisadiyyatının hər bir dolların təminatlı olmasını ehtiva edən qanunlarını kobud surətdə pozur. Real olaraq bank inkişaf edir. "Kredit portfeli"nin dəfələrlə artması ona alınan faizlər şəklində əlavə dividentlər gətirir. Həmçinin qiymətli kağızlar bazarında onun səhmlərinin qiymət dərəcələri də artır. Beləliklə, hər dəfə bankın real aktivləri və səhmlərinin virtual dəyəri arasındakı fərq getdikcə daha çox artır. Bunu ABŞ kimi bir ölkə miqyasında təsəvvür edin. Həmin bu virtual pul kütləsinin həcminin nə qədər olduğunu təxmin edə bilərsiniz. Bazar iqtisadiyyatı təbii filtrə bənzəyir, o daima "öz-özünə təmizlənir", buna görə də bu virtual pullar hansısa bir şəkildə yandırılmalıdır. Bu dolların inflyasiyası vasitəsilə baş verir (ilbəil dollar daha çox qiymətdən düşür). Lakin bütün dünya inflyasiya ilə mübarizə apararaq, onunla mübarizənin yeni mexanizmlərini işləyib hazırlayır və bu zaman bazar başqa immunitet forması hasil edir: qiymətli kağızlar bazarının çökməsi, həmin bu bankların müflisləşməsi və digər buna bənzər vasitələrlə. Qiymətli kağızlar bazarında bankın şəxsi aktivləri ilə onun səhmlərinin dəyəri arasındakı fərq "hava şarı"dır. Qiymətli kağızlar bazarının çökməsi ilə bu "şar" partlayır və onun yerində kəmiyyətcə partlamış "şarın" içindəki havanın həcminə bərabər dollar kütləsi defisiti qalır. Bütün ölkələr səylərini birləşdirərək əvvəlcə banklara tam leqal olaraq real pullardan virtual surət çıxarmağa imkan verən səbəbi aradan qaldırsaydılar, əminəm ki, böhrana uzun müddətlik son qoyula bilərdi. Bazar iqtisadiyyatı həm də onun bütün iştirakçılarının maraqlarına eyni dərəcədə və səmərəli təsir göstərən bazar qanunlarının məcmusudur. Bəşəriyyət bu sistemi aldada bilməz, o yalnız bu sistemdən imtina edə bilər.

Hər dəfə böhran baş verdikdə bütün ölkələr bazarın yandırdığı virtual pulların (hava şarlarının) yerinə pul kütləsi vurmaqla məşğul olur. Bu bir tərəfdən məntiqlidir, digər tərəfdən isə müxtəlif dövlətlərin pul vahidlərinin yaranmış qüvvələr bölgüsünü nəzərə alaraq, bu defisiti hansı valyuta ilə doldurmağın daha məqsədəuyğun olduğunu anlamaq lazımdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu dünya iqtisadiyyatında bütün dövriyyədə olan pul kütləsinin təxminən 58%-ni təşkil edən dünya əhəmiyyətli valyuta olmalıdır (çünki beynəlxalq maliyyə hesablaşmalarının praktik olaraq 90 faizi bu valyutada həyata keçirilir). Deməli, problemin həllinin açarı onun sahibi - ABŞ-ın əlindədir. Bütün yuxarıda göstərilənlərə əsasən istənilən iqtisadçı deyəcək ki, dünya iqtisadiyyatında öz dollarının hökmranlığını qoruyub saxlamaq üçün amerikalılar qlobal böhranla mübarizədə qlobal bazarın ədalətli qanununa görə ABŞ və makroiqtisadi göstəriciləri ümumilikdə dünya iqtisadiyyatının inkişafının gedişatına təsir göstərmək iqtidarında olan ölkələr arasında maliyyə arteriyaları qurmalıdırlar.

Bunu etmək zəruridir, çünki yuxarıda qeyd etdiyimiz "partlamış hava şarının" içindən çıxanlar bütün bu dövlətlərin iqtisadi məkanında dollar defisiti yaradıb. Bir ölkənin iqtisadiyyatının güclənməsi hesabına digərinin iqtisadiyyatının zəifləməsinə gətirib çıxaran ədalətsiz qanuna görə isə ABŞ, əlində olan təzyiq rıçaqından istifadə edərək (çünki ABŞ dünya valyutasının istehsalçısıdır), əvvəlcə öz iqtisadiyyatının stabilləşdirilməsi ilə məşğul olacaq və paralel olaraq, digər dövlətləri onun qaydaları ilə oynamağa məcbur edəcək, əks halda iqtisadiyyatı dollar kütləsindən çox asılı olan dövlətlər bu halda defoltla boş əllə mübarizə aparacaq. Bu zaman əsas zərbə bu ölkələrin milli valyutalarına dəyəcək. Hamıya məlumdur ki, bir valyutanın məzənnəsinin digərinə nisbətdə enməsi ilə mübarizənin ən təsirli üsulu bazarda həmin valyuta kütlələrinin sayının operativ şəkildə idarə olunmasıdır. Bu halda dollar kütləsinin defisiti bu ölkələrin milli valyutasının məzənnəsinin ciddi şəkildə düşməsinə gətirib çıxaracaq.

Ədalət naminə qeyd edək ki, ABŞ-ın yaranmış vəziyyətdən yalnız bir çıxış yolu var, ya bu böhran prosesində dolların sonu çatacaq, ya da dollar, bu halda böhrandan bir alət kimi istifadə edərək, digər ölkələrin bazarının dağılması vasitəsilə (xüsusilə də iqtisadiyyatı hazırda dollar kütləsinin güclü çatışmazlığından əziyyət çəkən üçüncü dünya ölkələrində) dünya bazarında öz mövqeyini kifayət qədər etibarlı şəkildə möhkəmlədəcək.

ABŞ, öz iqtisadiyyatını qaydaya saldıqdan sonra dollarları likvid aktivlər müqabilində digər dövlətlərlə yönəldərək, dünya üzərində hökmranlığını daha da möhkəmlədəcək. Beləliklə də, bu böhrandan yalnız bir qalib çıxacaq. Necə deyərlər, pulu kim ödəyirsə, musiqini də o sifariş edir. Bir çox dövlətlər minimum onilliklər ərzində ABŞ iqtisadiyyatını qaldırmaq üçün qan-tər içində çalışıb. Uzun illər ərzində onun öz valyutasının bütün dünyada hakim rolunu qoruyub saxlamasına necə nail olduğunu bir Allah bilir.

Həm də dollar kütləsinin sayına nəzarətlə məşğul olan heç bir beynəlxalq orqan yoxdur. İnanın ki, bazar qanunlarının pozuntularının böyük əksəriyyəti məhz orda baş verir. Fikrimcə, ABŞ baş verən prosesə görə bütün dünya qarşısında məsuliyyət daşıyır.

Buna görə də, bu böhrandan çıxış mexanizmləri bu prosesdə ən iri makroiqtisadi göstəricilərə malik dövlətlərin iştirakı ilə, müvəqqəti olaraq dünya valyutalarının emissiyasına nəzarət hüququnun da həvalə edilməli olduğu beynəlxalq antiböhran orqanının yaradılması vasitəsilə birgə səylərlə işlənib hazırlanmalıdır. Bu gün bütün dünya ölkələri iqtisadi baxımdan bir-biri ilə o qədər sıx bağlıdır ki, bir ölkədə baş verən iqtisadi qarışıqlıqlar digərinin iqtisadiyyatına təsir etməyə bilməz.

Qlobal iqtisadi böhranla yalnız bu şəkildə effektiv mübarizə aparmaq olar. Artmaqda olan üçüncü dünya müharibəsi təhlükəsinin qarşısını yalnız bu yolla almaq olar.

Köçəri Həsənov - "Bizim Vətən" informasiya mərkəzinin direktoru

Müəllifin rəyi ilə Trend agentliyi redaksiyasının rəyi üst-üstə düşməyə bilər

Xəbər lenti

Xəbər lenti