Azərbaycan, Bakı, 29 mart / Trend /
"Azərsun"un məlumatında deyilir ki, "XXI əsrin Liderləri" adlanan beynəlxalq proqram çərçivəsində "Beynəlxalq sənayeçilər və sahibkarlar konqresi", "Avropa Bazar Tədqiqatları Mərkəzi (Belçika)", "Vyana şəhər Beynəlxalq Universiteti (Avstriya)", "Slavyan xalqları məclisi", "Beynəlxalq tədris mərkəzi (Malta)", "Baden-Vürtemberq" Eksport Akademiyası (Almaniya), Məsləhətçi-marketoloqlar Assosiasiyası (Çexiya) və s. təşkilatlar tərəfindən aparılan analitik informasiya təhlilinin nəticəsi olaraq, Azərsun Holdinq və prezidenti Abdulbari Gözəl "Avropa Biznes Assembleyasının" yüksək mükafatlarına layiq görülüb.
Avropa Bizness Assembleyasının ən mötəbər mükafatı olan "Queen Victoria Commemorative Medal"(Kraliça Viktoriya Xatirə Medalı) biznesdə əldə etdiyi nailiyyətlərə görə şəxsən "Azərsun Holdinq"in prezidenti Gözələ təqdim olunub. "Azərsun Holdinq" isə, "European Quality Award"a (Avropa Keyfiyyət Mükafatı ) istehsalatda nail olduğu yüksək keyfiyyət standartına görə layiq görülüb. Mükafatlar mart ayında Böyük Britaniyanın Oksford şəhərində keçirilən "Liderlərin Oksford Sammiti"ndə Gözələ təqdim olunub.
21 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən sammitdə məşhur "Nokia" şirkətinin rəhbəri cənab Jorma Olilla (Finlandiya), "Tata Group" rəhbəri cənab Ratan Tata (Mumbay Hindistan) və digər tanınmış şirkətlərin rəhbərləri mükafatlandırılıblar.
Əvvəlki illərdə Ukrayna Prezidenti Viktor Yuşşenko, Belarusiya Prezidenti Aleksandr Lukaşenko, UNİDO-nun baş direktoru Karlos Maqarnos, Rumıniyanın Baş naziri Adrian Nastase, Rusiya Federasiyası Dumasının sədri Gennadi Seleznyov, Viktor Çernomırdin kimi tanınmış şəxslər "Avropa Biznes Assembleyası" tərəfindən "Queen Victoria Commemorative Medal"a layiq görülüblər.