...

"Akkord" uşaqlar üçün xeyriyyə kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 14:13 (UTC +04:00)

"Akkord" Şirkətlər Qrupunun əməkdaşlarından ibarət bir qrup nümayəndə respublika Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar olaraq may ayından başlayaraq silsilə kampaniyalar həyata kecirir. Şirkətin məlumatında deyilir ki, tədbir çərçivəsində nümayəndə heyəti xeyriyyə məqsədi ilə alınmış, ümumi dəyəri 50 min manat olan 3 min nəfərlik dəftərxana ləvazimatları və "ANS Press" Nəşriyyat Evi tərəfindən nəşr olunmuş nəfis tərtibatlı nağıl kitablarından ibarət hədiyyələrlə birlikdə ilk olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində olublar.

Nümayəndə heyətinin üzvləri daha sonra rayon təhsil şöbəsinin nümayəndələri ilə birlikdə qəsəbə ərazisində yerləşən 3 bağçada olublar və gətirilən hədiyyələrin bir qismini uşaqlara təqdim ediblər. Ağdam rayonunun digər məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulmuş hədiyyə paketləri paylanmaq üçün yerli təhsil şöbəsinə təhvil verildikdən sonra Şirkətlər Qrupunun nümayəndə heyəti Ağstafa və Qazax rayonlarında olublar. Hər iki rayon mərkəzində gətirilən hədiyyələrin bir qismi bilavasitə bağçalarda uşaqlara çatdırılıb.

"Akkord"un həyata keçirdiyi xeyriyyə tədbiri çərçivəsində növbəti ünvan Bakı şəhərində yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün təhsil müəssisəsi olacaq. Tədbir may ayının 28-də baş tutacaq. "Uşaq ili" ilə bağlı tədbirlər planı bu ilin sonuna kimi hər ay müxtəlif ünvanlarda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti