Azərbaycan, Bakı, 03 аvqust / Trend , müxbir N.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında keçirilən növbəti monitorinq zamanı 620 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını şatışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.
Monitorinqlər Bakının Nəsimi, Sabunçu, Əzizbəyov rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində, həmçinin Saatlı, Daşkəsən və Qusar rayonlarında keçirilib.
Bu rayonlardakı mağazalarda vaxtı ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, pivə, həmçinin "Malyutka", "Nestle" uşaq qidaları satışdan çıxarılıb.
Xətai rayonunda keçirilən monitorinqlər zamanı 36,6 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 21 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Ümumiyyətlə 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 39 hüquqi şəxsə 152,5 min manat, 236 fiziki şəxsə 354,5 min manat cərimə tətbiq olunub.
Avqustun 03-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]