...

Azərbaycanın istehlak bazarı təxminən bir milyon dollar həcmində cərimə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 17:49 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ticarət məntəqələrində 310 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb.
Azərbaycanın istehlak bazarı təxminən bir milyon dollar həcmində cərimə edilib

Azərbaycan, Bakı, 03 sentyabr / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ticarət məntəqələrində 310 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir. Bu məhsullar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidası və digərləri yer alır.

Bu qayda pozuntuları Bakının Yasamal, Xətai, Nəsimi rayonlarında, həmçinin Sumqayıt, Xaçmaz və Gəncə şəhərlərində keçirilən monitorinqlərdə aşkar edilib.

Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 46 hüquqi şəxsə 177 min manat, 365 fiziki şəxsə 548 min manat cərimə tətbiq olunub.

Sentyabrın 03-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti