...

"Planet Rating" Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan bankı "Pozitiv" proqnozu və "B+" reytinqi ilə qiymətləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend /

Azərdəmiryolbank-ın fəaliyyəti "Planet Rating" Beynəlxalq Reytinq Agentliyi tərəfindən "B+" reytinqi və "Pozitiv" proqnozu ilə qiymətləndirilmişdir, bankın məlumatında deyilir. "B+" reytinqi kommersiya təşkilatları tərəfindən investisiya səviyyəli reytinq kimi qəbul edilir, bu isə Azərdəmiryolbank-ın nailiyyətlərini əks etdirir.

Azərdəmiryolbank korporativ idarəetmə, risklərin idarə edilməsi, effektivlik və gəlirlilik, biznes və informasiya sahələri üzrə "B", maliyyələşdirmə və likvidlik üzrə isə, Azərbaycanda ilk dəfə olaraq, "A" kateqoriyası ilə qiymətləndirilmişdir.

Baş ofisi Fransada yerləşən "Planet Rating" Beynəlxalq Agentliyi 60-dan çox ölkədə mikro-maliyyə sahəsində fəaliyyət göstərən bankların və kredit təşkilatlarının qiymətləndirilməsi üzrə ixtisaslaşır. Azərdəmiryolbank digər kredit proqramları ilə yanaşı, mikro-kreditlər üzrə də geniş proqramlar həyata keçirir. Azərdəmiryolbank Azərbaycan bankları arasında "Planet Rating" agentliyi tərəfindən qiymətləndirilən ilk bank olmuşdur.

"Sosial-yönümlü siyasətinə uyğun olaraq, Azərdəmiryolbank mikro-kreditləşmə əməliyyatları ilə ölkədə kiçik sahibkarlığın inkişafına, məşğulluğun və əhalinin geniş təbəqəsinin rifahının yaxşılaşdırılmasına da xidmət edir. "Planet Rating" Agentliyi tərəfindən yüksək reytinqin alınması Azərdəmiryolbank-ın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığına və mikrokreditləşmə əməliyyatlarının genişlənməsinə müsbət təsir edəcək", - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.

Azərdəmiryolbank həmçinin "Fitch Ratings" Agentliyinin reytinqlərinə malikdir. 2004-cü ildən "Fitch Ratings" ilə əməkdaşlıq edən Azərdəmiryolbank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur.

Ölkənin ilk banklarından olan Azərdəmiryolbank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları daxildir.

Xəbər lenti

Xəbər lenti