Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkənin altı iqtisadi rayonunda dənli bitkilərin saxlanması və təmizlənməsi üçün hər biri 10 min ton tutumlu müasir texnologiyalar bazasında anbar komplekslərinin yaradılması üçün elan edilmiş tender çərçivəsində 20 layihənin maliyyələşdirilməsini bəyənib. Bu barədə cümə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.
"Fond tərəfindən Aran rayonunda beş, Dağlıq Şirvanda iki, Gəncə-Qazax rayonunda iki, Lənkəranda iki, Şəki-Zaqatalada iki, Yuxarı Qarabağda üç investisiya layihəsinin maliyyələşdirilməsi bəyənilib", - Abdullayev deyib.
Onun sözlərinə görə, bəyənilmiş layihələrin ümumi dəyəri 38,5 milyon manat təşkil edir. Bundan fondun vəsaiti hesabına 17,6 milyon manat maliyyələşdiriləcək. Müsabiqənin şərtlərinə əsasən, investisiya layihələri dəyərinin 30 faizi sahibkarın şəxsi vəsaiti hesabına maliyyələşdirilməlidir. Zərurət yarandıqda isə maliyyələşmədə Azərbaycan İnvestisiya Şirkəti və ya onun törəmə strukturlarının iştirakı ola bilər.
"Fond seçimində investisiya layihələrinin əhəmiyyətliliyini, eləcə də bu və ya digər inzibati rayonda dənli bitkilər istehsalının həcmini əsas götürüb", - Abdullayev deyib.
Onun sözlərinə görə, taxıl istehsalı Aran rayonunda 560 min ton təşkil edib. Buna görə də seçilmiş layihələrdən daha çoxu bu rayona düşür.
Əvvəl fond altı iqtisadi rayon üzrə 26 təklif alıb. Aranın sahibkarlıq subyektlərindən 12, Dağlıq Şirvandan iki, Gəncə-Qazax rayonundan üç, Lənkəran rayonundan iki, Şəki-Zaqataladan dörd, Yuxarı Qarabağdan isə üç investisiya təklifi daxil olub.
Fondun aldığı investisiya təkliflərinin dəyəri 1,3 milyonla 2,7 milyon manat arasında dəyişir. SKMF-nin vəsaiti hesabına 650 mindən bir milyon manatadək vəsait cəlb edilə bilər.
2008-ci ildə ölkədə istehsal olunmuş 2,3 milyon ton taxıldan 89,5 faizi bu altı rayonda istehsal olunub. Proqnoza əsasən, 2009-cu ildə taxıl istehsalı rekord səviyyəyə - 2884,4 min tona çatacaq ki, bu da 2008-ci illə müqayisədə 20,2 faiz çoxdur.
Sentyabrın 17-nə olan cari məzənnə 0,8032 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]