...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti buraxılışı yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2009 19:02 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun 3 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub.
Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti buraxılışı yerləşdirilib

Azərbaycan, Bakı, 28 sentyabr / Trend /

Bazar ertəsi Bakı Fond Birjasında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun 3 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumatda deyilir ki, dörd sərmayəçi tərəfindən təqdim olunan sifarişlərin ümumi həcmi nominal üzrə 3616 min manatdır. Sifarişlər cari qiymətlə (100.8667) təqdim olunub. Hərraca təqdim olunan istiqrazların bütün həcmi tamamilə yerləşdirilib. İstiqrazların ödənilmə tarixi 10 may 2016-cı ildir.

İstiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb. Bu günədək hərraca 30 milyon manat həcmində istiqrazlar verilib və istiqrazların bütün həcmi tamamilə yerləşdirilib. İstiqrazların ümumi emissiyası 55 milyon manat təşkil edir.

İpoteka kreditinin bərpası ilə əlaqədar olaraq 18 bank AİF-in səlahiyyətlisi təsdiq olunub.

İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir; ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər; ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir; kredit üzrə aylıq ödəmə borc götürənin aylıq gəlirinin 70 faizini keçməməlidir; həyat sığortasının məbləği ipoteka kreditindən çox olmalıdır və s.

Güzəştli şərtlərlə kredit şəhid ailələrinin üzvlərinə, milli qəhrəmanların ailə üzvlərinə, məcburi köçkünlərə, 3 ildən çox iş təcrübəsi olan dövlət qulluqçularına, elmləri namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xidməti olan şəxslərə, eləcə də minimum xidmət müddəti üç il olan hərbçilərə verilir.

Güzəştli ipoteka krediti almaq hüququ olan hər ailə bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

2005-2008-ci illərdə AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manat ayrılması nəzərdə tutulub. Banklar vasitəsilə bunun 70 milyon manatdan çoxu verilib.

2009-cu il üçün dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 milyon manat nəzərdə tutulub.

Sentyabrın 28-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti