Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvar-avqust aylarında ölkə üzrə, həmçinin Naxçıvan MR-də 53 əmək yarmarkası keçirib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
"Yarmarkalarda 1,743 min müəssisə 14,028 min iş yeri təqdim edib", - məlumatda deyilir.
Keçirilən yarmarkalar nəticəsində 4,91 min nəfər iş yeri ilə təmin olunub, həmçinin 465 nəfər ixtisas kurslarına göndərilib, 282 nəfər isə ictimai işlərə cəlb olunub.
Bununla yanaşı, Bakı və Gəncə şəhərlərində, həmçinin Abşeron rayonunda tələbələr üçün "Karyeraya ilk addım" yarmarkaları keçirilib. Yarmarkalarda 330 müəssisə tərəfindən 1,834 iş yeri təqdim olunub. Yarmarkalar zamanı 384 nəfər iş ilə təmin olunub.
Növbəti əmək yarmarkası oktyabrın 9-da Sumqayıt şəhərində keçiriləcək. Yarmarkada 288 müəssisə 2,651 vakant yer təqdim edəcək ki, onun da 1,452 mini özəl sektorda olacaq. Sumqayıt şəhərində yerləşən dövlət və xarici şirkətlərdə də vakant yerlər təqdim olunacaq.
Yarmarkada, həmçinin Yasamal və Binəqədi rayonu ərazisində, eləcə də Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Abşeron və Qubadlı rayonlarında yerləşən 90 müəssisə tərəfindən 756 vakant yer təqdim olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]