Azərbaycan, Bakı, 29 oktyabr / Trend /
Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 milyon manatlıq istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə 101,1584 manatla satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.
İstiqrazların ödənmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə gəlirlilik 3 faiz təşkil edir.
Bu istiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanıb və hərraca bu günədək 41 milyon manat həcmində istiqraz yerləşdirilib.
Oktyabrın 29-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.