Azərbaycan, Bakı, 18 yanvar / Trend /
2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetində 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı çıxışı zamanı bildirib. Məlumatı AzTV telekanalı yayıb.
"Bunu əyani şəkildə göstərmək üçün sadəcə bizim iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir", - Prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda ÜDM 9,3 faiz artıb.
"Hesab edirəm ki, bu, tarixi nailiyyətdir və bu bir daha onu göstərir ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır", - dövlət başçısı deyib.