Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Ü.İsmayılova/
"Azərqarant Sığorta" ASC-nin 2009-cu ildəki fəaliyyətinin yekunları üzrə aktivləri 3,588 milyon manat təşkil edərək il ərzində iki dəfə artıb. Bu barədə "Kompas Audit" auditor şirkətinin rəsmi mətbuatda dərc olunmuş rəyində bildirilir.
Həmin dövrdə şirkətin uzunmüddətli aktivləri 16,97 faiz azalaraq 43,909 min manat, qısamüddətli aktivləri isə 3,544 milyon manat (artım 2,1 dəfə) təşkil edib. Şirkətin depozit hesablarında qısamüddətli aktivlərin strukturunda 2,94 milyon manat cəmləşib, valyuta hesabları 4,188 min manat təşkil edib.
Azərqarant Sığortanın ödənilmiş nizamnamə kapitalı ötən il 2,7 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici bir milyon manat olub. Şirkətin 8,448 min manat həcmində mənfəəti və kapital üzrə 560,8 min manat həcmində ehtiyatlar nəzərə alınmaqla məcmu kapitalı hesabat ilinin əvvəlində 1,195 milyon manat təşkil edib.
Şirkətin uzunmüddətli öhdəlikləri 316 min manat (ilin əvvəlində 454,626 min manat), qısamüddətli öhdəlikləri illik 38,9 dəfə azalma ilə 2,295 min manat, ümumilikdə, kapital və öhdəliklər 3,588 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 1,739 milyon manat olub.
Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 1,08 milyon manat, o cümlədən sığorta haqlarından daxilolmalar 536,246 min manat, təkrar sığorta haqları 143,249 min manat, sığorta ödənişlərində təkrar sığortaçıların payı 13,663 min manat, təkrar sığorta müqavilələri üzrə komisyon haqları 16,189 min manat təşkil edib. Şirkətin investisiya gəlirləri 229,11 min manat səviyyəsində olub.
Şirkətin maliyyə mənfəəti 216,64 min manat təşkil edib ki, bunun da 205,808 min manatı nizamnamə kapitalının artırılmasına yönəldilib.
2009-cu ilin yekunları üzrə şirkətin xərcləri 864,772 min manat, o cümlədən sığorta ödənişləri və sığorta məbləğləri ilə bağlı əməliyyat xərcləri 71,029 min manat, sığorta haqlarının qaytarılması ilə bağlı 4,07 min manat, sığorta haqlarının təkrar sığortaya verilməsi üzrə 62,6 min manat, inzibati xərclər 578,158 min manat təşkil edib.
2009-cu ildə Azərqarant Sığorta 50,475 min manat məbləğində mənfəət vergisi, 41,64 min manat həcmində gəlir vergisi ödəyib. Sosial sığorta və təminat üzrə ödənişlər 24,698 min manat təşkil edib.
Azərqarant Sığorta şirkəti Azərbaycan bazarında 1993-cü ildən fəaliyyət göstərir.
Aprelin 1-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.