Azərbaycan, Bakı, 21 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları"nı təsdiqləyib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb. Qaydalar "Xüsusi iqtisadi zonalar haqqında" qanuna və ölkənin digər normativ hüquqi aktlarına uyğun hazırlanıb və XİZ operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydalarını müəyyən edir.
Müsabiqədə məqsəd XİZ-in idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkətin seçilməsidir.
Qaydalara əsasən, müsabiqənin təşkilatçısı qismində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi çıxış edir. Nazirlər Kabineti müsabiqə komissiyasını təşkil edir. Komissiyanın tərkibinə dövlət orqanlarının nümayəndələri daxil ediləcək. Komissiya üzvlərinin sayı 5 nəfərdən çox olmalıdır.
Müsabiqənin keçirilməsinə 30 gün qalmış təşkilatçı öz İnternet saytında müsabiqənin keçirilmə vaxtını, yerini, iştirak şərtlərini, təkliflərin qiymətləndirmə meyarlarını, müsabiqənin qalibi ilə idarəetmə sazişinin bağlanma müddətini elan edir. Müsabiqədə bu sahədə ən azı bir il təcrübəyə malik olan şirkətlər iştirak edə bilər.
Qaydalara görə, zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi müsabiqə komissiyası tərəfindən həyata keçirilir. Qiymətləndirmənin yekunları üzrə iştirakçılara bal veriləcək. Qiymətləndirmə zamanı ən çox bal toplayan şirkət qalib elan olunacaq.