Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlər zamanı 400 kiloqrama yaxın istifadə müddəti bitmiş və 9,2 ton keyfiyyətsiz sement aşkar edərək satışdan çıxarıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Monitorinqlər Bakının Binəqədi, Nəsimi, Nərimanov, Xətai və Nizami rayonlarında, həmçinin Gəncə, Şabran və Samux rayonlarında keçirilib.
Mağazalardan istifadə müddəti bitmiş məhsullar - kolbasa, konservləşdirilmiş və qənnadı məmulatları, un məmulatları, süd və süd məhsulları, pivə, çay, meyvə şirələri və sərinləşdirici içkilər götürülüb.
Monitorinqlər zamanı Nərimanov rayonunda tikinti materialları bazarında normativ-texniki tələblərə cavab verməyən 9,2 ton sement aşkar edilərək dövriyyədən çıxarılıb.
İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində inzibati xətalar haqqında protokollar tərtib ediləcək.