Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın Gəncə Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti MAZ avtomobili bazasında kommunal texnika istehsalına dair cümə axşamı uzunmuddəti əməkdaşlıq haqqında müqavilə imzalayıb. Daha əvvəl tərəflər arasında niyyət protokolu imzalanmışdı. Bu barədə müəssisənin məlumatında deyilir.
10 il müddətinə nəzərdə tutulmuş müqaviləyə əsasən, Gəncə Avtomobil Zavodunda "Haller" şirkətindən alınacaq ehtiyat hissələri hesabına MAZ avtomobillərinin bazasında məişət tullantılarını təmizləyəcək avtomobillər yığılacaq. Texnikaların tutumu 16 və 22 kubdur.
İlkin mərhələdə 100-150 avtomobilin yığımı nəzərdə tutulur. Kommunal texnikalar təkcə Azərbaycan bazarında deyil, həmçinin Türkiyə və Gürcüstanda da satılacaq.
Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevin sözlərinə görə, müqaviləyə əsasən, tullantı nəqli üzrə avadanlıqlar üçün əsas hissələr Azərbaycan zavodunda istehsal ediləcəck.
"Haller" şirkəti ilə əməkdaşlıq 100 yeni iş yerinin açılmasına imkan verir.
"Haller" şirkətinin baş direktoru Aksel Pannenin dediyi kimi, Gəncə zavodu iri layihələrin həyata keçirilməsi mümkün olan böyük müəssisədir. Postsovet ölkələri arasında Azərbaycan "Haller" şirkətinin əməkdaşlıq etdiyi ilk ölkədir.
1871-ci ildən fəaliyyət göstərən "Haller" şirkəti hazırda yalnız Avropanın deyil, dünyanın ən nüfuzlu kommunal texnika istehsalı ilə məşğul olan şirkətlərindən biridir. Şirkətin texnikaları Almaniya ilə yanaşı, Niderland, Fransa, İspaniya, Böyük Britaniya, Polşa, Macarıstan və Çexiyada satılır.
Gəncə Avtomobil Zavodu hazırda MAZ avtomobil zavodunun bazasında 25 tonluq kran hissələri də istehsal edir.
Azərbaycanda Minsk Avtomobil və Traktor Zavodunun istehsalı olan hər növ yük avtomobilləri və traktorların yığılması və satışı üzrə müqavilə 2006-cı il noyabrın sonunda Minskdə imzalanıb.
Gəncə Azərbaycanın qərbində, Bakıdan 265 km məsafədə yerləşir.