...

Azərbaycan Mərkəzi Bankı birinci rübdə kredit təşkilatlarının fəaliyyəti üçün üç icazə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2010 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) icazəsi əsasında ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarının ümumi sayı 145 olub. Bu barədə AMB-dən bildiriblər.

Aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 98 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2009-cu ilin sonlarında bu göstərici 96 olub. Beynəlxalq humanitar təşkilatların hesabına maliyyələşdirilən bank olmayan kredit təşkilatlarının sayı dəyişməyərək 18-dir.

Hesabat dövründə respublika ərazisində bank fəaliyyətinin həyata keçirilməsi üçün 47 bankın lisenziyası olub. Martın sonlarında Mərkəzi Bankın Azərbaycan kapitallı daha bir banka - VTB Banka-a lisenziya verməsinin nəticəsində onların sayı artıb.

AMB-nin məlumatına görə, hazırda ölkədə iki bank ləğvolunma prosesindədir. Ötən il ölkənin bank sektorunda say dəyişikliyi müşahidə olunmayıb. Halbuki, 2008-ci ildə iki bankdan - praktiki olaraq fəaliyyətsiz olan Poçtbankdan və kapitallaşma üzrə tələbləri yerinə yetirmədiyinə görə Atlantbankdan lisenziyaların geri alınması nəticəsində bankların sayı iki bank azalıb və elə o qədər də artıb. Belə ki, "Naxçıvanbank" ASC və AzfinansBank-a fəaliyyət üçün lisenziya verilib.

Hazırda ölkədə xarici kapitallı 23 bank fəaliyyət göstərir. Onların 7-də xarici kapitalın xüsusi çəkisi 50 faizdən 100 faiz arasında, 14 bankda isə 50 faizədək formalaşıb, xarici bankların iki yerli filialı fəaliyyət göstərir.

Xaricdə fəaliyyət göstərən bankların sayı 9-dur, onlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, 1-i isə filialdır.

Yerli bankların filiallarının sayı 631 olub. 2009-cu ilin sonlarında bu göstərici 626 olub. Yeganə yarımdövlət bankının 38 filialı (son ildə onların sayı dəyişməyib) var. Müvafiq olaraq, qalan 593 filial özəl kommersiya bankları tərəfindən açılıb.

Aprelin 30-na olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti