Azərbaycan, Bakı, 21 may /Trend, müxbir N.İsmayılova/
Mayın 31-dən iyunun 1-dək tərkibinə bankın Direktorlar Şurası nümayəndələrinin də daxil olacağı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti Bakıda səfərdə olacaq. Bu barədə bankın Bakı nümayəndəliyindən bildirilib.
Nümayəndələr heyətinin tərkibinə direktorlar Kurt Bayer, Verner Qruber, Pedro Morinyon, Saymon Rey, İb Katsnelson, Xoao Kravinyo, Tay Hvan Kin, Virciniya Georgiu, Stefka Slavova daxil olacaq.
"AYİB-in Direktorlar Şurasının nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkənin bazar iqtisadiyyatına keçidi prosesi və bu işdə AYİB-in rolu ilə tanış olmaqdır", - nümayəndəlikdən deyilib.
Səfər çərçivəsində bankın tərəfdaşları, bankın əməkdaşlıq etdiyi təşkilatlar və dövlət strukturları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
AYİB-nin Direktorlar Şurası bankın əməliyyat zonasına daxil olan hər bir ölkəyə hər 3-4 ildən bir belə səfərlər edir. Sonuncu dəfə onlar Azərbaycana 2007-ci ildə səfər ediblər.
2009-cu ildə bank Azərbaycan iqtisadiyyatına 230 milyon avro sərmayə qoyub. Bunlardan 120 milyon avro Qaradağ sement zavodunun genişləndirilməsi layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
Bank ölkədə ümumi dəyəri 1,4 milyard dollar olan 103 layihəni maliyyələşdirib. Ölkənin AYİB ilə əməkdaşlıq edən maliyyə institutları bankdan 223 milyon dollar dəyərində 69 kredit xətti və kapital qoyuluşu əldə ediblər.