Azərbaycan, Bakı, 20 iyul /Trend/
Azərbaycanın AFB Bankı "Platinum" kart sahiblərinə dünyanın xüsusi üzvlər klubu olan və "de Luxe" xidmətləri göstərən "Quintessentially" konsyerj xidmətini təklif edir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Bundan sonra AFB Bankın "Platinum" kredit kartı sahibləri "Quintessentially"-nin dünya üzrə 52 ofisinin xidmətlərinə çıxış əldə edəcəklər.
"Quintessentially" xidməti günün 24 saatı, ilin 365 günü AFB Bankın "Paltinum" kart sahiblərinə qlobal dəstək verməklə bütün dünyada xüsusi tədbirlərə, film təqdimatlarına, qala gecələrə, konsertlərə, eksklüziv restoran və otellərə müstəsna keçid hüququnu təklif edəcək. "Quintessentially" üzvlük kartı hazırda sayı 20 mindən artıq olan və daima artan xüsusi üstünlüklər təqdim edir. On ildən artıq bir dövr ərzində "Quintessentially" durmadan inkişaf edib və bu gün 15 törəmə müəssisədən ibarətdir. "Quintessentially Escape" şirkəti unudulmaz əyləncələr və xidmətlər sahəsində eksklüziv xidmətlər təklif edir. "Quintessentially Estates" şirkəti əmlak bazarının araşdırılması üzrə qlobal xidmətlər təklif edərək, dəbdəbəli mülklərə sahib olmaq istəyənlərə əmlak siyahısını təqdim edir. Şərab sevənlər isə məhşur mütəxəssis və tənqidçi Metyu Cuksun rəhbərliyi altında olan "Quintessentially Wine" müəssisəsindən ən çox istənilən və sevilən şərabları əldə edə bilərlər. Tədbir təşkilatçısı olan "Quintessentially Events" şirkəti isə qeyri-adi toy mərasimlərinin, ad günlərinin və digər əlamətdar tədbirlərin təşkili üzrə özünün unikal və beynəlxalq aləmdə tanınmış xidmətlərini təklif edir. "Quintessentially Travel" isə klub üzvlərinə dünyanın ən yaxşı kurortlarına və SPA-mərkəzlərinə giriş imkanı verir.
AFB Bank bütün dünyada özünün lüks xidmətləri ilə tanınan "Quintessentially" ilə MDB ərazisində əməkdaşlığa başlamış ilk bankdır.
"Qlobal miqyasda tanınan "Quintessentially"-nin Azərbaycana gətirilməsi müştərilərimizə xidmət etmək və AFB Bankın daxili bazarımızda fərqlənməsi üçün yeni və daha yaxşı yolların tapılması ilə bağlı götürdüyümüz öhdəliyi göstərir", - AFB Bankın Müşahidə Şurasının sədri Emre Timurkan "Quintessentially" ilə yeni əməkdaşlığı şərh edərkən qeyd edib.
"Quintessentially" xidməti bütün dünyada dəbdəbəli xidmətlər sektorunun aparıcı nümayəndəsi kimi qəbul olunur. "CoolBrands" tərəfindən bu il keçirilmiş sorğuya əsasən, "Quintessentially" ən yaxşı, innovativ və stilli brendlər siyahısına daxil olub.
"Quintessentially" klubunun nümayəndəlikləri London, Nyu-York, Dubay, Honkonq, Keyptaun, Paris, Yohannesburq, Los-Anceles, Mayami, Kann, Beyrut, Oslo, Stokholm, Helsinki, Küveyt, Kopenhagen, Moskva və dünyanın digər böyük şəhərlərində mövcuddur.
Sonuncu dəfə öz nümayəndəliklərini Əbu Dabi, Brüssel, Panama, Sidney, Kiyev və Bakıda açaraq ümumilikdə 52 ofisi olan "Quintessentially" genişlənməyə davam edir. Özünün "əlçatmayanı əldə etmək" şüarı ilə "Quintessentially" indi də Azərbaycan vətəndaşlarına bütün dünyada ən yüksək xidmətlərə girişi mümkün edir.