...

Azərbaycan bankı "Bank Standard" isteklak kreditləri siyahısını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 17:51 (UTC +04:00)
"Bank Standard" istehlak kreditləri proqramının inkişafı çərçivəsində daha iki yeni kredit məhsulu hazırlayaraq müştərilərə təqdim etməyə başlayıb.
Azərbaycan bankı "Bank Standard" isteklak kreditləri siyahısını genişləndirib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Bank Standard" istehlak kreditləri proqramının inkişafı çərçivəsində daha iki yeni kredit məhsulu hazırlayaraq müştərilərə təqdim etməyə başlayıb. Biri daşınmaz əmlakın girovu, digəri isə müəsissənin zaminliyi qarşılığında verilən bu iki yeni kredit özlərinin cəlbedici şərtləri, asanlıqla əldə olunması və sadə rəsmiləşdirmə mexanizmi sayəsində qısa zaman ərzində müştərilərin böyük rəğbətini qazana bilər. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Daşınmaz əmlakın girovu qarşılığında verilən istehlak kreditinin fərqli xüsusiyyətləri arasında ilk növbədə kreditin alınma məqsədinə qoyulan məhdudiyyətlərin minimuma endirilməsini göstərmək olar. Bu kredit, demək olar ki, istənilən ishtehlak məqsədi, o cümlədən, mal və ya xidmətlərin ödənilməsi, səyahət xərcləri və s. üçün sərf oluna bilər. Yeganə istisna olan avtomobil alqısı isə daha çox simvolik xarakter daşıyır ("Bank Standard" öz müştərilərinə həmin məqsəd üçün daha əlverişli şərtləri olan xüsusi avtokredit təklif edir). Daşınmaz əmlakın girov qoyulması yolu ilə verilən kredit üçün borcalanın istər şəhərdəki daşınmaz əmlakı, istərsə də şəhər kənarındakı evi girov qoyula bilər. Maksimal məbləği 30 min manat təşkil edən bu kredit 24 ay müddətinə və illik 22% dərəcəsi ilə verilir. Bu krediti almaq üçün borcalanın gəlirlərini təsdiq edən sənəd və ya üçüncü şəxs tərəfindən zaminlik tələb olunmur. Kredit borcalanın girov qoyulan əmlaka sahiblik hüququnu təsdiq edən sənəd və həmin girovun dəyərini təsdiq edən sənəd əsasında rəsmiləşdirilir.

Müəsissə və təşkilatların əməkdaşları üçün nəzərdə tutulan kreditə gəlincə isə, o, bankın korporativ müştərilərinin işçilərinə müəsissənin rəhbərliyi ilə əldə olunan razılığa əsasən verilə bilər. Bu kreditin şərtlərinə əsasən, borcalanın zamini kimi onun işlədiyi müəsissə çıxış edir. Müəsissənin zaminliyi ilə verilən kreditin maksimal məbləği 5 min manat, müddəti 24 ayadək, faiz dərəcəsi isə illik 20% təşkil edir.

Kredit borcalanın işlədiyi müəsissə tərəfindən verilən zəmanət məktubu və tələb olunan digər sənədlər əsasında rəsmiləşdirilir.

Yuxarıda qeyd olunan hər iki kredit məhsulu yetkinlik yaşına çatmış və 6 aydan az olmayan iş stajına malik Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Bu yaxınlarda "Bank Standard" kredit verməkdən imtinaya əsas ola biləcək səbəblərin siyahısını açıqlayıb. Bu siyahıya sifarişçinin yaşının hər bir kredit məshulu üçün ayrı-ayrılıqda müəyyən olunmuş yaş hədlərinə uyğun gəlməməsi, sifarişçinin gəlirlərinin krediti ödəmək üçün yetərli olmaması, həmçinin, kredit üçün müraciət edən şəxsin kredit tarixçəsinin mənfi olması daxildir. "Bank Standard"ın pərakəndə biznes xidməti müştərilərdən xahiş edir ki, kreditin əsassız olaraq verilmədiyini düşündükləri halda 158 nömrəsinə zəng edib öz şikayətlərini banka çatdırsınlar.

Sentyabrın 23-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti