...

Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası ikitərəfli əməkdaşlığın perspektivlərini müəyyən ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 11:10 (UTC +04:00)
İkitərəfli münasibətlərin inkişafının perspektiv istiqamətlərini müəyyən edən Özbəkistan-Azərbaycan hökumətlərarası komissiyasının işinin yekunları üzrə protokol cümə axşamı Daşkənddə imzalanıb.
Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası ikitərəfli əməkdaşlığın perspektivlərini müəyyən ediblər

Özbəkistan, Daşkənd, 24 sentyabr /Trend, müxbir D.Əziziov/

İkitərəfli münasibətlərin inkişafının perspektiv istiqamətlərini müəyyən edən Özbəkistan-Azərbaycan hökumətlərarası komissiyasının işinin yekunları üzrə protokol cümə axşamı Daşkənddə imzalanıb.

Sənəd hökumətlərarası komissiyanın həmsədrləri olan Özbəkistan Baş nazirinin müavini Batır Xocayev və Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov tərəfindən imzalanıb.

Komissiyanın işi zamanı hazırkı iclasın iki dövlət liderlərinin Daşkənd sammiti ərəfəsində keçirildiyi qeyd edilib və bununla da hökumətlərarası komissiyanın üzərinə düşən məsuliyyətin ikiqat artdığı bildirilib.

Azərbaycan Özbəkistana, Özbəkistan isə Azərbaycana vacib və etibarlı xarici ticarət tərəfdaşları kimi baxır. İki ölkə münasibətlərinin möhkəm təməli qoyulub və iqtisadiyyatın,  humanitar sahənin, demək olar, bütün sahələrində qarşılıqlı faydalı əməkdaşlığın yaradılması üçün qəti imkanlar mövcuddur.

Eyni zamanda, iki dövlətin iqtisadi və elmi-texniki imkanları göstərir ki, hazırkı əməkdaşlığın səviyyəsi ölkələrin potensialını real əks etdirmir.

"Biz ticarət, nəqliyyat kommunikasiyası, mədəni-humanitar sahələrdə, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlərdə faydalı əməkdaşlığın dərinləşməsi və anlaşmanın möhkəmlənməsi nəticəsində reallaşdırıla biləcək həmin imkanları yüksək qiymətləndiririk", - Batır Xocayev deyib.

Eləcə də Özbəkistan müəssisələri məhsulların geniş siyahısını təqdim etməyə hazırdır. Bunlar buğda, kənd təsərrüfatı texnikası, minik və yük avtomobilləri, sərnişin avtobusları, geniş çeşiddə elektrotexniki avadanlıqlar, kimyəvi məhsullar, mineral gübrələr, bitkilərin qorunması üçün kimyəvi vasitələr, qeyri-metal plastik borular, mebel, idman malları və digərlərindən ibarətdir.

Bununla əlaqədar məhsulların geniş çeşiddə istehsal olunması üçün ticarət evlərinin və birgə müəssisələrin yaradılması, sahibkarlar arasında daha sıx və möhkəm əlaqələrin yaradılması üçün sərgi və yarmarkaların keçirilməsi aktualdır.

Batır Xocayev Azərbaycan nümayəndələrini oktyabrın 25-də Daşkənddə keçiriləcək kooperasiya birjası və beynəlxalq yarmarkaya baş çəkməyə dəvət edib. İkitərəfli münasibətlərin strateji istiqamətləri nəqliyyat və nəqliyyat kommunikasiyaları, eləcə də iki ölkənin nəhəng tranzit potensialından istifadə edilməsidir.

Bu gün Özbəkistanın idxal və ixrac yüklərini daşınması üçün Transqafqaz nəqliyyat dəhlizindən istifadəsi aktual olub. Həmçinin, Cənubi, Mərkəzi Avropa və Aralıq dənizi bazarlarına çıxışı təmin edən Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin istismara verilməsi də geniş imkanlar açır.

Azərbaycan və Özbəkistan ərazisindən yüklərin tranzit üçün maksimum əlverişli şəraitin yaradılması üzrə işlərin davam etdirilməsi, eləcə də yüklərin daşınması zamanı rəqabətqabiliyyətli tariflərin təqdim olunması zəruridir.

Respublikalar arasında müqavilə bazasının genişləndirilməsi də Özbəkistan-Azərbaycan əməkdaşlığının gələcək genişləndirilməsinə yardım edə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı imzalanması planlaşdırılan 2011-2015-ci illərdə Özbəkistan-Azərbaycan iqtisadi əməkdaşlığının proqramının tam reallaşdırılması iqtisadi əlaqələrin və ikitərəli ticarət dövriyyəsinin genişləndirilməsinə yardım edəcək.

Müqavilə bazasının genişləndirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək.

Özbəkistan-Azərbaycan hökumətlərarası komissiyası 1998-ci il fevralın 26-da yaradılıb. Bu günədək komissiyanın səkkiz iclası keçirilib. Özbəkistan-Azərbaycan hökumətlərarası komissiyanın son iclası 2008-ci ilin sentyabrında Bakıda keçirilib.

Rəsmi statistik məlumata görə, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2009-cu ildə 35 faiz azalaraq 42 milyon dollar olub; 2010-cu ilin yanvar-iyun ayları üzrə 7,9 milyon dollar təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 24,9 milyon dollar təşkil edib.

Özbəkistan Azərbaycana maşın və avadanlıqlar, qida məhsulalrı, kimya sənayesi, əlvan və qara metallar, enerjidaşıyıcıları ixrac edir. Azərbaycan Özbəkistana avadanlıqlar, kimya sənayesi məhsulları ixrac edir.

Xəbər lenti

Xəbər lenti