...

Bakıda Zaqafqaziyada ən iri inşaat sərgisi start götürəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 18:06 (UTC +04:00)
Oktyabrın 20-də Bakıda "Bakı Ekspo Mərkəzi"ndə Zaqafqaziyada bu tematikada ən iri sərgi olan "BakuBuild" inşaat sərgisi start götürəcək. Bu barədə sərginin təşkilatçısı olan Böyük Britaniyanın "ITE Group" şirkətinin regional direktoru Edvard Stroon çərşənbə axşamı məlumat verib.
Bakıda Zaqafqaziyada ən iri inşaat sərgisi start götürəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Oktyabrın 20-də Bakıda "Bakı Ekspo Mərkəzi"ndə Zaqafqaziyada bu tematikada ən iri sərgi olan "BakuBuild" inşaat sərgisi start götürəcək. Bu barədə sərginin təşkilatçısı olan Böyük Britaniyanın "ITE Group" şirkətinin regional direktoru Edvard Stroon çərşənbə axşamı məlumat verib.

"Biz bütün dünyada bu tipdən olan 18 sərgi keçirmişik və "BakuBuild" onlardan ən irilərinin beşliyinə daxildir", - Stroon deyib.

Onun sözlərinə görə, belə sərgi xarici investorların Azərbaycana gəlişini asanlaşdıracaq.

"ITE Group" şirkəti ilə yanaşı, sərginin təşkilatçısı kimi, onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti də çıxış edir.

Sərginin ekspozisiyası yeni sərgi kompleksinin iki pavilyonunu, eləcə də açıq meydançanı tutur.

Sərginin meneceri Rəşid Həmidovun sözlərinə görə, sərginin ümumi sahəsi 9 min kvadratmetrdir.

"Sərgidə iştirak edən şirkətlərin sayı və "BakuBuild-2010"un daxili meydançası ötən illə müqayisədə 20 faiz artıb", - Həmidov deyib.

Onun sözlərinə görə, sərgidə 25 ölkədən 260 şirkət iştirak edir.

Sərginin ekspozisiyası müxtəlif çeşiddə çoxlu inşaat və bəzək materialları və texnologiyalarını əhatə edir. Bura tikinti materialları, bəzək və üzlük materialları, pəncərə istehsalı üçün avadanlıqlar, beton və sement istehsalı üzrə texnologiyalar, tikinti avadanlıqları, ixtisaslaşdırılmış texnika, sahələrin abadlaşdırılması, arxitektura və landşaftın layihələşdirilməsi, kimyəvi inşaat məhsullarının geniş spektri, ağac emalı üçün avadanlıqlar, istehsal xətləri və alətlər, santexnika, keramika və s. daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələrin böyük çeşiddə inşaat texnikası və avadanlıqları nümayiş olunur.

Bundan başqa, sərgidə inşaat sahəsinin geniş çeşiddə yeni məhsulları da nümayiş etdiriləcək. İstehlakçıların diqqətinə unikal istilik izolyasiyası və hermetikləşdirici materiallar, yeni nəsil dam örtüyü materialları, universal kəsicilər, təmizləyici süzgəclər, zamaskalar, qurutma sobaları, seksiyalı darvazaların yeni növləri, eksklüziv bədii döymə məhsulları, inşaatda itkiləri 30%-ə qədər azaltmağa imkan verən yığma-monolit inşaat texnologiyası, tozşəkilli örtüklərin vurulması üçün daşına bilən avtonom kompleks və s. təqdim olunur. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar ilə təmsil olunan şirkətlərin stendləri xüsusi "İnnovasiyalar Ərazisi" işarəsi ilə qeyd olunacaq ki, bu da həmin şirkətləri həm sərgi sahəsində, həm də planda çətinlik çəkmədən tapmağa imkan verəcək. Belə təyinat işarəsi sərgi çərçivəsində fəaliyyət göstərən yeni "İnnovasiyalar Ərazisi" proqramında nəzərdə tutulmuşdur. Bu da iştirakçı şirkətlərə sərgi sahəsində yeni orijinal məhsul-texnologiya xidmətlərini daha geniş şəkildə nümayiş etdirmək imkanı yaradır. Təqdim olunan bütün yeniliklərin xüsusiyyətlərinin əhatəli təsvirini və şirkətlər ilə əlaqə üçün məlumatları "İnnovasiyalar Ərazisi" proqramının kataloqundan əldə etmək olar. Bu kataloq "Bakı Ekspo Mərkəzi"nin ərazisində, sərginin keçirildiyi bütün günlər ərzində ziyarətçilərə paylanacaq.

"BakuBuild" inşaat sərgisini dolğun iş proqramı müşayiət edəcək. Bura təqdimatların və ixtisas təkmilləşdirmə kurslarının keçirilməsi daxildir. Həmçinin, Ukrayna iş dairələrinin iştirakı ilə biznes-forum keçirilməsi də planlaşdırılıb. Sərginin iş proqramının mühüm elementi isə "Hamı üçün şəhər" mövzusunda "dəyirmi masa"nın keçirilməsi olacaq. Bu tədbir innovasiyalı texnologiyalara və (əhalinin yaşlı təbəqəsi, əlillər, o cümlədən, şəhərin ən kiçik sakinləri üçün xüsusi şəraitin yaradılması nəzərə alınmaqla) şəhərsalmanın planlaşdırılmasına həsr olunub. "Dəyirmi masa" sərginin ikinci günü, yəni oktyabrın 22-də keçiriləcək və əlaqədar dövlət strukturlarının nümayəndələrini bir araya gətirəcək.

Beləliklə, bu sərgi peşəkarlar üçün parlaq və dolğun bir hadisə olmaqla yanaşı, ziyarətçilər üçün də bir sıra imtiyazlarla fərqlənəcək. İlk növbədə, "BakuBuild" sərgisi inkişaf etmiş infrastruktura malik olan ən yeni, müasir "Bakı Ekspo Mərkəzi"ndə keçirilir. Ziyarətçilərin rahatlığı üçün onları "Bakı Ekspo Mərkəzi"nə pulsuz aparıb-gətirəcək xüsusi avtobuslar təşkil olunub. Bu avtobusların dəqiq hərəkət cədvəli ilə sərginin www.bakubuild.az/transport. rəsmi saytında tanış olmaq mümkündür. İkincisi, "BakuBuild" sərgisinin seqmentlərə bölünmüş strukturu sərgini ziyarət etmək istəyən mütəxəssislərə öz iş vaxtlarından daha səmərəli istifadə etmək və əsas diqqəti onları maraqlandıran mövzulara yönəltmək üçün imkan yaradır.

Bu il ilk dəfə "BakuBuild" sərgisi ilə birlikdə "Aqua-Therm Baku" - "II Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları və üzgüçülük hovuzu" adlı beynəlxalq sərgi də keçirilir. Bu sərgidə Azərbaycan, Almaniya, Danimarka, İran, İtaliya, Türkiyə, İsveçrə və başqa ölkələrdən 60 şirkət iştirak edir. Artıq bir neçə ildir, isitmə, ventilə, havanın kondisiyalaşdırılması, su təchizatı və santexnika - HVAC ekspozisiyası "BakuBuild" sərgisinin bir bölməsi hesab olunur. Bu sektorun intensiv inkişafı, ona yerli və xarici bazar iştirakçıları tərəfindən olan maraq nəticəsində sözügedən sektor bu il "Aqua-Therm Baku" brendi altında keçirilən müstəqil ekspozisiyaya çevrilib. Tədbir təşkilatçıları "Iteca Caspian", "Fin-mark Srl." və "ITE Group" şirkətləridir.

Beləliklə, "BakuBuild" inşaat sərgisi bu il də öz universallığını qoruyub-saxlayacaq - burada hər kəs ona lazım olan məhsulu tapa biləcək: sərgini ziyarət edən insanlar burada tikinti işləri üçün, habelə təmir zamanı və təmirdən sonra tələb olunan hər şeyi tapa biləcək; gələcək tərəfdaşlar üçün isə bu sərgidə müvafiq fəaliyyət sahəsində tərəfdaşlığa ehtiyacı olan şirkətlərlə daha səmərəli şəkildə əməkdaşlıq qurmaq imkanı yaradılacaq.

"BakuBuild 2010" sərgisi inşaat materiallarının texnologiyası, istehsalı, tətbiqi və istismarı üzrə müasir bazarın bütün əsas istiqamətlərində mövcud olan real nailiyyətləri əyani şəkildə nümayiş etdirəcək və ölkədə bu sahənin sərmayə yatırımı baxımından daha da cəlbedici olmasına öz əhəmiyyətli töhfəsini verəcək.

Sərgi öz işini oktyabrın 23-nə kimi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti