...

"Bakubuild" sərgisi Azərbaycanın ixrac potensialının artırılmasında böyük rol oynayır - Sahibkarlar Konfederasiyasının prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2010 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir А.Axundov/

"Bakubuild" kimi sərgilər nəinki Azərbaycana investisiya cəlb edilməsində, eləcə də ölkənin ixrac potensialının artırılmasında böyük rol oynayır. Bu barədə çərşənbə günü sərginin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

"Konfederasiyanın əsas vəzifəsi neft və qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının artırılmasıdır. Bu vəzifənin yerinə yetirilməsində həmin sərgilər böyük rol oynayır", - Musayev deyib.

Onun sözlərinə görə, bu sərginin Azərbaycanda keçirilən digər sərgilərdən fərqi burada böyük yerli şirkətlərin iştirakıdır.

"Sərgidə iştirak edənlərin 30 faizi Azərbaycan şirkətləridir", - Musayev deyib.

Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun sözlərinə görə, Azərbaycanda investisiyaların daxil olması ilə bağlı problem yoxdur.

"Problem böyük investisiyaların effektiv istifadəsindədir", - Dövlətxanov deyib.

Cənubi Qafqazda bu mövzu üzrə ən böyük sərgi olan "Bakubuild"in təşkilatçısı "ITE Group"la yanaşı onun Qafqazda tərəfdaşı "İteca Caspian" şirkətidir.

Sərgidə Azərbaycan, Yunanıstan, Polşa, Rusiya, Türkiyə də daxil olmaqla ümumilikdə 25 ölkədən 260 şirkət iştirak edir. Sərgidə debütant ölkələr - Portuqaliya və Latviyadan bir neçə şirkət təmsil olunur.

Sərginin ekspozisiyasına müxtəlif tikinti və bəzək materialları və texnologiyaları: tikinti, bəzək və üzlük materiallar, pəncərə istehsalı üçün avadanlıq, beton və sement istehsalı üzrə texnologiyalar, tikinti üçün avadanlıq, memarlıq və landşaft layihələndirməsi, tikinti-kimya məhsullarının geniş spektri, ağac emalı avadanlığı, istehsal xətləri və alətləri, santexnika, keramika və.s daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya və digər ölkələrdən müxtəlif tikinti texnikası və avadanlıqları nümayiş olunur.

Xəbər lenti

Xəbər lenti