Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.Xəlilova/
Asiya İnkişaf Bankının (AİB) zəmanətli dəstəyi ilə Azərbaycanda 760 meqavat gücə malik "Cənub" istilik elektrik stansiyasının (İES) tikintisi layihəsinin maliyyələşdirilməsi üçün cəlb edilən kommersiya bankları və Azərbaycan hökuməti arasında ilin sonunadək kredit sazişinin imzalanması prosedurunun başa çatacağı gözlənilir. Bu barədə çərşənbə axşamı bankın Bakı nümayəndəliyindən bildiriblər.
"Azerenerji" ASC bu sövdələşmənin başa çatdırılmasına maraq göstərib və kommersiya banklarından son kredit sazişinin alınmasını gözləyir.
AİB-in Direktorlar Şurası iyunun 22-də 323,32 milyon dollar məbləğində zəmanətli dəstəyin verilməsini bəyənib. Danışıqların aparılmasına mandatın qüvvədə olma müddəti iyulun 16-da başa çatsa da, xarici bankların bu layihəyə marağını nəzərə alaraq, mandat məktubunun qüvvədə olma müddətinin uzadılmasına hazırlıq bildirilib.
İlkin razılığa görə, kredit 13 il müddətinə üç illik güzəştli dövr olmaqla, təxminən "libor+1,55" faiz səviyyəsində ("libor" dərəcəsinin 1,4 faiz olmasını nəzərə alaraq, kredit üzrə ümumi faiz dərəcəsi təxminən dörd faiz səviyyəsində olacaq) veriləcək.
"Azərenerji" ASC-yə zəmanətli dəstək Asiya bankının Cənubi Qafqaz regionunda ilk belə təcrübəsi olacaq.
Layihənin ümumi dəyəri 664,1 milyon avro qiymətləndirilir. 2010-cu ildə tikinti işlərinə layihə üçün təsdiqlənən xarici borclardan 117 milyon avronun yönəldilməsi planlaşdırılır. Bu günədək maliyyələşdirmə üçün 434 milyon avronun alınması təsdiqlənib.
Bu layihənin maliyyələşdirilməsi üçün üç bankın - "Bayerische Landesbank", "Societe Generale" və "Credit Suisse" konsorsiumundan artıq 300 milyon avro maliyyə vəsaiti alınıb. Kredit dövlət zəmanəti ilə 10 il müddətinə verilib. Bank konsorsiumunun kredit resursları stansiyanın tikintisi ilə əlaqədar işlərin xərcinin yarısını ödəyəcək.
İslam İnkişaf Bankı (İİB) cari il oktyabrın 20-də maliyyələşmənin 134 milyon avro məbləğinə razılıq verib. Asiya İnkişaf Bankı (AİB) da öz növbəsində, Azərbaycan hökumətinə kommersiya banklarından 20 milyon dollaradək kreditlərin cəlb edilməsinə zəmanətli dəstək göstərməyə hazır olduğunu ifadə edib. Bununla əlaqədar 2010-cu ilin iyulunda kredit sazişi imzalanıb.
Əbu Dabi İnkişaf Fondunun Direktorlar Şurası da 60 milyon dolların ayrılmasını təsdiqləyib.
"Cənub" stansiyası həm qaz, həm də mazutla işləyəcək.