Türkmənistan, Aşqabad, 11 noyabr /Trend, müxbir H.Həsənov/
Aşqabadda özəl sektorun - kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində İslam İnkişaf Bankı (İİB) ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Saziş Türkmənistan Dövlət Xarici İqtisadi Fəaliyyət Bankı ilə İİB qrupuna daxil olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (The Islamic Corporation for the Development of the Private Sector - ICD) arasında imzalanıb.
Türkmənistanda ICD-nin iştirakı ilə maliyyə, kənd təsərrüfatı, nəqliyyat, xidmətlər, telekommunikasiya, istehsalat müəssisələri, inşaat, infrastrukturun inkişafı kimi sahələrin stimullaşdırılmasına yönəlmiş birinci beynəlxalq investisiya şirkətinin yaradılması üzrə hazırlıq gedir ki, bu da özəl sektorun müəyyən dərəcədə formasını dəyişməsinə imkan verəcək.
İkinci vacib istiqamət bu sahəvi müəssisələrin maddi-texniki təminatının istehsal avadanlıqları və nəqliyyatın lizinqə verilməsi hesabına genişləndirilməsi olacaq.
İİB qrupuna daxil olan ICD 1999-cu ildə yaradılıb. Hazırda 45 üzv ölkə və beş maliyyə institutu korporasiyanın səhmdarıdır.
1973-cü ildə İslam Konfransı Təşkilatının iştirakçısı olan ölkələr tərəfindən yaradılan beynəlxalq maliyyə institutu İİB-nin mənzil-qərargahı Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir. Hazırda 60-a yaxın ölkə bankın üzvüdür.