Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.Xəlilova/
"Azərenerji" ASC Azərbaycan Mərkəzi Bankının (AMB) 60 meqavat gücə malik "Cənub" istilik elektrik stansiyasının tikintisi layihəsinin maliyyələşdirilməsinə ayırdığı 300 milyon manat məbləğində uzunmüddətli kreditdən artıq 200 milyon manatı istifadə edib. Bu barədə çərşənbə günü AMB-nin kommunikasiya üzrə direktoru Rüfət Abbasov deyib.
"Kredit dövlət zəmanəti ilə və uzunmüddətli dövrə verilib", - Abbasov bildirib.
Bu, AMB-nin tarixində ölkənin strateji müəssisələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti ilə verilən üçüncü birbaşa kredit olub.
750 milyon manat məbləğində birinci kredit ARDNŞ-yə yeddi il müddətinə illik iki faizlə, ikincisi isə (202 milyon manat) "Azəralüminium" ASC-yə 10 il müddətinə illik üç faizlə ayrılıb.
Əvvəllər bu vəsaitləri hökumət Asiya İnkişaf Bankının (AİB) zəmanətli dəstəyi ilə kommersiya bankları konsorsiumundan cəlb etməyi planlaşdırmışdı.
AİB-in Direktorlar Şurası iyunun 22-də 232,32 milyon dollar məbləğində zəmanətli dəstəyin verilməsini bəyənib. Sövdələşmənin təşkilatçısı qismində "Societe Generale" və "City Bank" çıxış ediblər.
Zəmanətli dəstək hesabına bu enerji layihəsinin həyata keçirilməsinə kommersiya banklarından cəlb edilən kreditin 80 faizinin ödənilməsi planlaşdırılmışdı.
Göründüyü kimi, hökumət bu layihə üçün AİB-in zəmanətlərindən imtina edərək, daxili maliyyələşdirmə mənbələrinə üstünlük verib. "Azərenerji" ASC-yə zəmanətli dəstək Asiya bankının Cənubi Qafqaz regionunda ilk belə təcrübəsi olmalı idi.
Layihənin ümumi dəyəri 664,1 milyon avro qiymətləndirilir. İndiyədək (AMB-nin kreditləri cəlb edilənədək) maliyyələşməyə 494 milyon avronun alınması bəyənilib.
Bu layihənin maliyyələşdirilməsi üçün üç bankın - "Bayerische Landesbank", "Societe Generale" və "Credit Suisse" konsorsiumundan artıq 300 milyon avro maliyyə vəsaiti alınıb. Kredit dövlət zəmanəti ilə 10 il muddətinə verilib. Bank konsorsiumunun kredit resursları stansiyanın tikintisi ilə bağlı olan işlərin xərcinin yarısını ödəyəcək.
İslam İnkişaf Bankı (İİB) cari il oktyabrın 20-də maliyyələşmənin 134 milyon avro məbləğinə razılıq vermişdi. Bundan başqa, OPEC-in Beynəlxalq İnkişaf Fondu 20 milyon dollar ayrılmasını təsdiq edib, bununla əlaqədar 2010-cu ilin iyulunda kredit sazişi imzalanıb. Əbu Dabi İnkişaf Fondunun Direktorlar Şurası da 60 milyon dollar ayırılmasını bəyənib.
"Cənub" stansiyası həm qazla, həm də mazutla işləyəcək.