...

Azərbaycan Berlində "Yaşıl Həftə 2011" beynəlxalq sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 17:23 (UTC +04:00)
Yanvarın 21-30-da Berlində Azərbaycanın da iştirak edəcəyi ənənəvi "Beynəlxalq Yaşıl Həftə 2011" ("Green Week 2011") sərgisi keçiriləcək.
Azərbaycan Berlində "Yaşıl Həftə 2011" beynəlxalq sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir N.İsmayılova/

Yanvarın 21-30-da Berlində Azərbaycanın da iştirak edəcəyi ənənəvi "Beynəlxalq Yaşıl Həftə 2011" ("Green Week 2011") sərgisi keçiriləcək. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən hər il keçirilir. Sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş olunur.

Bu il Azərbaycanın dördüncü dəfə iştirak edəcəyi sərgidə ölkəmiz 40-a yaxın şirkətlə təmsil olunacaq. Tədbirdə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak edəcəklər.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın 124 kvadratmetrlik pavilyonunda (2010-cu ildə Azərbaycan pavilyonunun sahəsi 84 kvadratmetr olub) ölkəmizdə istehsal olunan 500 çeşiddən çox müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunacaq. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanacaq.

Sərgi çərçivəsində forum və təqdimatlar, eləcə də bir sıra mədəni tədbirlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti